Onun intiqam-cəza tədbirlərinə heç kim mane ola bilməyəcək
Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin bələdiyyə sədri Suren Oqandjanyan həbs edilib. Bu şəxs seçkilərdə rüşvət verməkdə ittiham olunur. Bundan başqa, İrəvan məhkəməsi bir neçə gün əvvəl Mehri şəhərinin meri vəzifəsindən istefa verən Mxitar Zakaryanın həbsi üçün hazırlıqlar gedir. Bundan əvvəl isə Kacaran şəhər meri Manvel Paramazyan saxlanılıb. Onu paytaxt İrəvana gətirərək həbs ediblər. Bəzi iddialara görə, yaxın günlərdə Sünik regionuna aid olan Qafan və Sisian rayonlarında da həbslər aparılacaq. Qeyd edək ki, bu regionda müharibədən sonra Nikol Paşinyanın səfərinə qarşı aksiyalar hazırlanıb. Eləcə də seçkilər zamanı hərbi cani Robert Koçaryanın qələbəsi naminə Sünik bölgə rəhbərləri əllərindən gələni ediblər. İndi baş verənlər isə Nikol Paşinyanın intiqam-cəza tədbirləridir.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, Ermənistanda növbədənkənar parlament seçkilərində Sünik vilayətinin bir çox icmaları konkret olaraq sabiq prezident Robert Kocaryanı dəstəkləyirdi. Hətta Nikol Paşinyanın Sünikə gəlişinə qarşı sabotajlar edirdi:
“Paşinyana qarşı çıxanlara qarşı həbslərin həyata keçirilməsi gözlənilən idi. Çünki Paşinyan özünə qarşı belə davranışları heç vaxt sükutla qəbul etmir. Hazırda bir cox sahələrdə həbslər gedir. Generallar və yüksək rütbəli zabitlər ordudan uzaqlaşdırılır. Polis və məhkəmə sistemində də Paşinyana yaxın olmayan kadrların həbsi gözlənilir. Bu həbsləri həyata keçirməklə Paşinyan dövlət strukturlarında fəaliyyət göstərən “Qarabağ klanı”nın üzvlərini zərərləşdirir. Proses davam edəcək və nə Rusiya, nə də “Qarabağ klanı” mane ola biləcək. Çünki seçkilərdə mandat qazanmış Paşinyan hazırda ən güclü fiqurdur. Bundan sonra “Qarabağ klanı” vilayətlərdə dayaqlarını itirəcək və tədricən zəifləyəcək”.