“Taliban”ın hakimiyyətinə "yaşıl işıq" yandırırlar
“Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük hissəsinə nəzarəti ələ keçirib. Bu qruplaşma islam dininə əsaslanan siyasi-ideoloji xətt yürütdüyünü iddia edir. Təşkilatın liderləri xaricdəki islam dini liderlərinin fətva və məsləhətlərini qəbul etmədiklərini, “özlərinin dini üləmaları”nın olduğunu və onların hökm, qərar və məsləhətləri ilə fəaliyyət göstərdiklərini bildirirlər. Onların qənaətincə, xaricdəki islam xadimləri “siyasətə qulluq edir”, “kənar qüvvələrə bağlıdırlar”. Bu hal perspektivdə Əfqanıstan üçün problem yarada bilər.
Puştu dilində “Taliban”ın mənası “tələbələr” deməkdir. Hərəkat 1994-cü ildə Əfqanıstanda yaradılıb. 1996-2001-ci ildə Əfqanıstanı “Əfqanıstan İslam Əmirliyi” idarə edib. “Əfqanıstan İslam Əmirliyi”ni diplomatik olaraq Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı tanımışdı. Əgər 2001-ci il sentyabrın 11-dəki məlum terror hadisəsi baş verməsəydi, ABŞ da onu tanıya bilərdi. Ancaq həmin hadisədən sonra “Taliban” terrorçu təşkilat elan edildi. Bunun ardınca onun terrorçu “Əl-Qaidə” və İŞİD-lə əlaqələrinə dair xəbərlər yayıldı.
Politoloq Sədrəddin Soltan bildirib ki, “Taliban” hakimiyyətdən gedən vaxtdan onunla danışıqlara ara verilməyib. Hətta qruplaşmanın Qətərin paytaxtı Dohada nümayəndəliyi belə fəaliyyət göstərib. Analitikin sözlərinə görə, Donald Tramp ABŞ-da hakimiyyətə gələndən sonra Əfqanıstan məsələsi ştatların gündəliyinin əsas mövzularından olub:
“Suriyadan çıxacaqlarını elan edən Tramp Əfqanıstanda da qalmayacaqlarını bildirmişdi. Cozef Bayden prezident seçiləndən sonra qoşunlarını Əfqanıstandan çıxarmağa başladı. ABŞ minə yaxın hərbçisini bu ölkədə saxlayacağını bildirir. Bayden Əfqanıstan prezidentinə yardım edəcəklərini vəd edib. Bununla belə, “əfqan xalqı öz taleyini özü həll etməlidir” ismarıcını da çatdırıb. Son günlər isə İran və Rusiya terrorçu olaraq tanıdıqları qruplaşma ilə siyasi məsələləri də müzakirə ediblər. Hətta “Taliban”ın onlara vədlər verdiyi gizli deyil. Deməli, regional və beynəlxalq güclər “Taliban”ın yenidən dirçəlməsinə razılıq veriblər. Başqa sözlə, ABŞ-la başlayan danışıqları Rusiya və İran davam etdirib. Bu həm də perspektivdə vədlərinə əməl etməyəcəyi halda “Taliban”a qarşı daha genişmiqyaslı aksiyanın başlaya biləcəyini ehtimal etməyə əsas verir”.
S.Soltan vurğulayıb ki, “Taliban” Əfqanıstana qonşu dövlətlərə təhlükə yaratmayacaqlarını bildirir, İŞİD-in ölkədə fəaliyyətinə imkan verməyəcəklərini vəd edirlər: “Görünür, beynəlxalq ictimaiyyətə yeni və daha humanist “Taliban” təqdim edilir. Ancaq bu qruplaşmanın hakimiyyətdə olduğu illərdə Əfqanıstandakı vəziyyətlə bağlı yayılan xəbərlər buna şübhə ilə yanaşmağa vadar edir. “Taliban” Əfqanıstan hakimiyyətinə toxunmayacağını vəd edir. Bununla belə, ölkənin dövlət quruluşu barədə müzakirələr aparacağını bildirir. Belə ehtimal edilir ki, ABŞ ölkədən çıxandan 6 ay - 2 il ərzində Əfqanıstandakı hakimiyyət çökəcək. Yaxud perspektivdə ölkədə vətəndaş müharibəsinin davam edəcəyi istisna olunmur. “Taliban” hakimiyyətdə olanda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan neft-qaz kəmərinin tikintisinə də mane olurdu. Qruplaşma bu layihə ilə bağlı hələ ki fikir bildirməyib. “Taliban” hakimiyyətdə olduğu illərdə ölkənin puştun olmayan əhalisinə qarşı qəddar davranıb. Söhbət daha çox türklərə, yaxud türkdillilərə edilən təzyiqlərdən gedir”.
Siyasi şərhçiyə görə, “Taliban”ın belə sürətlə irəliləməsinin səbəblərindən biri vətəndaşların hakimiyyətə inamsızlığıdır: “Əfqanıstanı qarışdıranlar indi ya kənara çəkilir, ya da əvvəllər terrorçu olaraq tanıdıqları “Taliban”ın hakimiyyətə gəlməsinə “yaşıl işıq” yandırırlar. O zaman belə bir sual yaranır: Əfqanıstana əmin-amanlıq, rifah və sülh gətirə bilməyəcəkdinizsə, insanları bir-birinə niyə qırdırırsınız? Əfqanıstan uzun illərdir ziddiyyətlərin toqquşduğu, problemlərin həll olunmadığı dövlət olaraq qalır. Bu şərait yeni siyasi hadisələrə başlanğıc, regiondakı dəyişikliklər üçün təkan, aparıcı güclərin yeni oyunu da ola bilər. Bütün hallarda Əfqanıstan yenidən çalxalanmağa başlayır”.