Baş nazir Moskvadan aldığı gündəliyi ardıcıl həyata keçirməyə başlayıb
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanı ittiham edib. Paşinyan iddia edib ki, Azərbaycan hökumətinin mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər. Onun fikrincə, Bakı hələ də Ermənistanı blokadada saxlamaq niyyətindədir. Paşinyan, guya, Azərbaycanın sülh prosesini dağıtmaq istədiyini söyləyib: “Onların məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyi ilə əlaqələrin açılmasına nail olaq”. Azərbaycan Prezidenti az qala hər çıxışında Ermənistana sülh çağırışı edir, kommunikasiyaların açılmasının, nəqliyyat dəhlizlərinin işə düşməsinin önəmindən danışır, Ermənistanın yeganə çıxış yolunun regional əməkdaşlıqdan keçdiyini deyir.
Rəsmi Bakı davamlı bu istiqamətdə addımlar atır, təşəbbüslər irəli sürür. Ancaq dövlət başçısının da bəyan etdiyi kimi sülhə yaxın durmayan məhz Ermənistandır. Buna baxmayaraq, Paşinyan sərsəmcəsinə Azərbaycan hökumətinin Ermənistanı blokadada saxlamaq istədiyi iddiasını səsləndirir. Bu, ilk növbədə Paşinyanın daxili auditoriyaya mesajıdır. Əslində Paşinyan kommunikasiyaları açmağa məcburdur. Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının qaçılmaz olduğunu yaxşı anlayır. Ancaq bunun daxili auditoriyada Azərbaycanın növbəti uğuru kimi qəbul edilməsini istəmir. Buna görə də kommunikasiyaların açılması təşəbbüsünü İrəvanın qaldırdığı təsəvvürünü yaratmağa çalışır. Xatırladaq ki, bir müddət öncə Nikol Paşinyan öz partiyasından olan deputatlarla görüşündə Laçın dəhlizini xatırlatmış, bu yolun açıq qalmasının Zəngəzur dəhlizindən asılı olduğuna dolayısıyla işarə etmişdi. Görünür, Paşinyanın kommunikasiyaların açılması üçün daxili auditoriyaya istiqamətlənmiş təbliğat kampaniyasına start verməsi prosesin artıq aktiv fazaya keçdiyini təsdiqləyir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, Paşinyan Moskvadan xüsusi siyasi reseptlə qayıdıb və ona verilən siyasi gündəliyi arıdıcıl həyata keçirməyə başlayıb. Professorun sözlərinə görə, Azərbaycanın ən çox maraqlı olduğu məsələ regional kommunikasiyaların açılmasıdır:
“Erməni deputatlar məsələ qaldırıblar ki, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Hazırda İrəvan-Tehran əlaqələri yüksək səviyyədədir. Hətta iş o yerə çatıb ki, İran acından ölən ermənilərə kömək etmək məqsədi ilə öz vətəndaşlarını vaksinasiya üçün Ermənistana göndərir. İran vətəndaşları peyvənd vurdurmaq üçün günlərlə Ermənistanda qalmağa, pul xərcləməyə məcbur olurlar.
Separatçı Vitali Balasanyanın nəzarəti altında Qarabağda həm yerli, həm də xarici ermənilərdən ibarət 18 minlik ordu yaradılır. İrandan “humanitar yardım” adı ilə silah-sursat göndərilir. Şübhə yox ki, bu cür təchizatın Rusiyanın xəbəri və rizası olmadan reallaşması imkansızdır”.
C.Nuriyev diqqətə çatdırıb ki, erməni mediasında bu cür xəbərlər tez-tez yayılsa da, bir saat ərzində məlumatlar silinir. Erməni politoloq - Hora Arustamyan bildirdi ki, “İran və Rusiya Qarabağ ərazisində yenidən separatizmi qızışdırırlar”. Rusiya Zəngəzur dəhlizini Azərbaycana təzyiq vasitəsi kimi əlində saxlamağa cəhd göstərir.
Moskva dəhlizin açılmasında maraqlı olduğunu deyərkən səmimi deyil. Paşinyan hələ and içməmiş belə sərsəm bəyanatlar verirsə, sonrakı günlərdə də təxribata meyilli olacağı ehtimal olunur. Ancaq unutmasın ki, bir illik təxribatının və təhlükəli açıqlamalarının ardınca torpaqlarımızı işğaldan azad etdik. Əgər Paşinyan absurd iddialarına davam edərsə, Azərbaycan Ordusunun daha hansı əraziləri düşməndən azad edəcəyi məsələsi gündəmə gələ bilər. Adı “sülhməramlı”, özləri isə provokator olan Rusiya hərbçiləri də bu barədə fikirləşsə yaxşı olar”.