“Onun belə mövqe sərgilənməsi Qarabağda yeni təxribat ocaqlarına şərait yaradır”
“Məkirli plan ondan ibarətdir ki, Azərbaycan Ordusu Xankəndi və ətraf rayonlara girməsin”
“Ancaq təbii ki, qərəzli qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər”
Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması bir çox suallar doğurur. Avropa İttifaqında yaxşı bilirlır ki, 30 illik işğal dövründə Ermənistan həmin əraziləri tamamilə dağıdıb, talan edib. Qarabağı viran qoyublar. Şübhə yox ki, ərazilərimizin bərpası üçün milyardlarla vəsait tələb olunur. Necə olur ki, zərər çəkən Azərbaycan ola-ola, yardım Ermənistana ayrılır. Bunun açıq-aşkar Avropa İttifaqının növbəti ikili standartları olması ortadadır. Halbuki, sağlam məntiqlə Avropa İttifaqı Azərbaycana ən azı 5 milyard avroluq yardım paketi ayırmalıdır.
Əlbəttə, Azərbaycanın maddi imkanları kifayət qədərdir və dövlətimiz bütün problemlərini daxili resursları hesabına həll edib. Hətta ötən müddət ərzində bir çox beynəlxalq qurumlara belə maliyyə yardımı göstərmişik. Amma burada söhbət maddi vəsaitdən yox, ikiüzlü, hiyləgər Ermənistan rəhbərliyinə verilən dəstəkdən, Avropa strukturlarının açıq qərəzindən gedir. Nikol Paşinyan bir neçə gün öncə Rusiyaya səfər edərək, Putinlə görüşsə də, qərbyönlü mövqeyinə uyğun olaraq, yenidən Qərb dairələri ilə işbirliyini davam və inkişaf etdirir. Ermənistanın Avropa İttifaqı ilə ardıcıl təmasları bunu təsdiq edir. Avropa Komissiyası Şurasının prezidenti Şarl Mişel də Ermənistana səfəri zamanı 2.6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqlədi. Bu, o deməkdir ki, Aİ Ermənistanda “Marşall planı”nı tətbiq edir və faktiki olaraq Efmənistanı satın alır. Paşinyanın Avropa ilə sıx əməkdaşlığı Moskva üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxarır. Dəfərlərlə bəyan edildiyi kimi artıq Rusiya üçün qəti qərar vermək zamanıdır. Moskvanın İrəvana ardıcıl dəstəyinə baxmayaraq, Paşinyan Qərbə doğru irəliləməkdən vaz keçmir. Paşinyanın Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasətin davam eydirildiyini aydın göstərir. Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalıdır. Həmçinin, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır.