“Fransa prezidenti Emmanuel Makronun Ermənistana qayğısı “erməni sevgisindən” irəli gəlmir, təmənnasız deyil”.
“Sherg.az” xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
JMİ rəhbəri bildirib ki, Makronun qarşıdakı seçkilərdə qalib gəlmək şansı sıfra yaxındır, regional seçkilərdə uğursuzluğu bu qənaətə gəlməyə əsas yaradır:
“İndi o, məğlubiyyətdən qurtarmaq üçün erməni diasporunun dəstəyini qazanmağa çalışır. Ermənistanın bu ağır günlərində İrəvana səfəri də erməni diasporuna jest xarakteri daşıyır. Həm də siyasi populizm məsələsində ad qazanmış Nikol Paşinyandan “ustad dərsi” alacaq. Populizm Makronu və Paşinyanı birləşdirən əsas göstəricilərdir. Həm Makron, həm də Paşinyan hakimiyyətləri yalnız populist vədlər üzərində qurulub. Amma İrəvan səfəri hər nə qədər şəxsi maraq güdsə də, Emmanuel Makron Fransanın prezidentidir və onun ölkəsi uzun müddət Minsk Qrupunun həmsədri olub. Makron İrəvandan sonra Bakıya gəlməyəcək və bununla da savaş halında olan ölkələrdən birinin tərəfini tutmuş olacaq”.
M.Ələsgərli qeyd edib ki, Makronun İrəvan səfəri erməni revanşistləri bir az da azğınlaşdıracaq:
“Makron sülh əleyhdarlarını aktivləşdirəcək. Onun səfəri Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan israrla imtina edən rəsmi İrəvanı “ruhlandıracaq”. İstər müharibə zamanı, istərsə də sonrakı dövrdə Fransa birtərəfli ermənipərəst mövqe nümayiş etdirib ki, bu da ATƏT MQ həmsədri kimi onun mandatına zidd olub. İndi də İrəvana “Qarabağın statusu” məsələsində boş-boş vədlər verməklə, səfirini Şuşaya göndərməməklə erməniləri Bakıya qarşı barışmaz mövqeyə kökləyir”.