Şərait diktə edir

Gürcüstan regional əməkdaşlığa cəlb olunacaq

Yaxın zamanlarda dövlət başçılarının üçtərəfli görüşü gözlənilir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər. Qaribaşvili Ərdoğana Türkiyədəki meşə yanğınlarına görə məyus olduqlarını bildirib və yanğınla mübarizədə hər zaman dəstəyə hazır olduqlarını qeyd edib.

Ərdoğan öz növbəsində təşəkkürünü bildirərək, Gürcüstanı regional iş birliyinin açarı olaraq gördüklərini deyib. Xüsusilə, regional nəqliyyat və enerji ötürmə xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birlikdə hərəkət etmənin vacib olduğunu vurğulayıb. Ərdoğan nazirlərin, parlament üzvlərinin uğurla davam etdirdikləri Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını liderlər səviyyəsində də canlandırmaq istədiklərini qeyd edib. 

Türkiyə liderinin Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatına növbəti dəfə diqqət çəkməsini “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov bildirib ki, Gürcüstan Cənubi Qafqaz regionunda, xüsusən Türkiyə ilə əlaqə baxımından qapı rolu oynayır. Siyasi şərhçinin sözlərinə görə, Gürcüstan Türkiyə və Azərbaycanın çoxsaylı meqalayihələrinin keçdiyi tranzit ölkədir:

“Gürcüstan hər zaman Türkiyənin maraq dairəsindədir. Mövcud vəziyyətdən və siyasi durumdan asılı olmayaraq, həm Azərbaycan, həm də Türkiyə daim qonşu Gürcüstanın regional əməkdaşlığa cəlb olunmasına böyük önəm veriblər. Qardaş Türkiyə beynəlxalq arenada artan rolunu nəzərə alaraq, özünə strateji tərəfdaşlar tapmağa, onların dəstəyindən istifadə etməyə çalışır. Bu baxımdan son günlər Gürcüstan rəhbəri ilə əməkdaşlıq məsələləri ciddi müzakirə olunur. Fikrimcə, Gürcüstan Türkiyə və Azərbaycan dövlət başçılarının yüksək səviyyəli görüşü yaxın zamanlarda baş tuta bilər”. 

A.Qasımova görə, regionda yeni geosiyasi şərait formalaşıb:

“Bu şərait yeni əlaqələrin, tərəfdaşlıqların formalaşmasını və qonşu ölkələrin öz prioritetlərini müəyyən etməsini tələb edir. Əgər tərəflər regionun stabilləşməsində maraqlıdırsa, qonşu ölkələrin eyni fəaliyyət planı üzrə ortaq hərəkət etməsi mütləqdir. Əks təqdirdə fikir müxtəlifliyi regiona sabitlikdə maraqlı olmayan qüvvələrin ayaq açmasına gətirib çıxaracaq. Gürcüstan rəhbərliyinin fikirlərinin dəqiqləşdirilməsi üçün yüksək səviyyəli görüşün mümkünlüyü gündəmdədir”.