"Paşinyan təhqir dalğasının önünü kəsmək üçün Cinayət Məcəlləsinə dəyişiklik etməyə qərar verib"
Ermənistan parlamenti Cinayət Məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib. Yeni qanuna əsasən, sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək. Təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib ki, bu addımın 44 günlük müharibədən sonra ağır təhqirlərə məruz qalan Nikol Paşinyanı, Ermənistanın siyasi rəhbərliyini qorumaq məqsədi daşıdığı bəllidir. Ekspertin sözlərinə görə, Paşinyan Azərbaycanla yeni müqavilə imzalamağa hazırlaşır:
“Putinin Paşinyan və dövlət başçısı İlham Əliyevlə təmasları Moskvada mümkün üçtərəfli görüşə hazırlıq məqsədi daşıyırdı. İstisna deyil ki, yeni sərhəd müqaviləsi imzalanacaq. Sərhəddə baş verən toqquşmaların əsas səbəbi də masaya əli güclü şəkildə çıxmaq istəklərindən irəli gəlir. Bu görüşün Ermənistanda hökumətin formalaşmasından sonra olacağı gözləniləndir. Sərhəd müqaviləsi Qarabağ məsələsində də Bakının istəyini əldə etməsi baxımından əhəmiyyətli rol oynayacaq. Paşinyan anlayır ki, müqaviləyə imza atmaq Ermənistan daxilində ona qarşı yeni etiraz, yeni təhqir dalğasının başlanmasına səbəb olacaq.
Bu baxımdan, hökuməti formalaşdırmadan öncə Qarabağ müharibəsində üzləşdiyi hücumların qarşısını almaq, təhqir dalğasının önünü kəsmək üçün Cinayət Məcəlləsinə dəyişiklik etməyə qərar verib”.