Azər Süleymanov istefa səbəbinə üstüörtülü toxunub
Gürcüstanın azərbaycanlı deputatı Azər Süleymanov ölkənin ana müxalifəti hesab olunan “Vahid Milli Hərəkat” Partiyasından çıxıb. Bu barədə deputat özü sosial şəbəkə hesabından məlumat paylaşıb. Azər Süleymanov siyasi fəaliyyətini dayandırdığını açıqlayıb: “Əziz həmvətənlilərim! İllərdir, hər çətin vəziyyətdə mənimlə birgə oldunuz, heç bir vaxt dəstəyinizi əsirgəmədiniz. Hər zaman qürur və iftixar mənbəyim oldunuz. Bunun üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm!
Ola bilsin bu illər ərzində sizlərə qarşı hansısa səhv bir addımım olub, buna görə sizlərdən üzr istəyirəm. Mənim üçün asan olmasa da, çox çətin qərar verməli oluram. İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat Partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram”.
A.Süleymanov partiyadan ayrılma səbəblərinə üstüörtülü toxunub:
“Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməmək oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir. Partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşündüm ki, bütün bunların fonunda VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olardı. Hər birinizə təşəkkür edirəm”.