“Referenduma və Parlamentin buraxılmasına zərurət yoxdur”

“Hakimiyyətin hər üç qanadı öz funksiyalarını peşəkarlıqla yerinə yetirir”


“Bəzi KİV-lərdə guya Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə əlaqədar referendumun keçirilməsi və Parlamentin buraxılmasına dair heç bir fundamental əsası olmayan fikirlər yer alıb”. 
Bu barədə “Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib. 
Deputat bildirib ki, bu kimi saxta məlumatların yayılması süni şəkildə gündəm yaratmağa hesablanmış uğursuz manipulyasiyaslar olmaqla yalnız radikal siyasi qüvvələrin maraqlarına xidmət edə bilər: 

“Əvvəla, dövlət başçımız tərəfindən ölkəmizdə genişmiqyaslı və köklü islahatlara start verilən zaman yeni çağırışlara ən tez reaksiya verən qurumlardan biri Milli Məclis oldu. Azərbaycan Parlamenti cənab Prezidentin yeni idarəçilik konsepsiyasına adekvat olaraq növbədənkənar seçkilərə getdi və nəticədə hakimiyyətin bu qanadında böyük dəyişikliklər reallaşdı.

Növbədənkənar parlament seçkilərindən sonra ölkəmizin siyasi palitrasında təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşdı. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür.

Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır. Milli Məclis 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində olduqca intensiv fəaliyyətlə yadda qaldı. Pandemiya şəraitində millət vəkilləri seçicilərlə həm onlayn, həm də canlı formada görüşlər keçirməkdədirlər. Seçicilərin müraciətləri, qayğıları diqqətlə dinlənilir, onların həlli ilə bağlı əlaqədar icra orqanlarına məktublar göndərilir”. 

Parlament üzvü bəyan edib ki, deputatlar vətəndaşları narahat edən məsələləri həm parlament tribunasından səsləndirir, həm də media vasitəsilə cəmiyyətə çatdırır: 

“Bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi bir daha təsdiq etdi ki, Milli Məclis ölkəmizin beynəlxalq əlaqələrinin qurulmasına olduqca mühüm töhfələr verir.

Parlament diplomatiyasının inkişaf etdirilməsi daha intensiv xarakter almışdır.

Bir sözlə, Azərbaycanda referenduma və ya Parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur.
Hakimiyyətin hər üç qanadı öz funksiyalarını peşəkarlıqla yerinə yetirir”.