Səfirin səngərdən boylanması təhlükəli hərəkətdir

İbrahim Rəisi Azərbaycan və Ermənistan münasibətlərinə yenidən baxmalıdır

Tural Abbaslı: "Tehran bilməlidir ki, Azərbaycanda İranın ucbatından baş verə biləcək hansısa siyasi-ictimai hadisə qığılcım olar və İranın öz ərazisinə sıçrayar"


İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib. Erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub. Səfir sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. O, Tehran hökumətinin bölgədə yerli sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib. Zohurinin sərhəd “sərgüzəştləri” Azərbaycan ictimaiyyətinin kəskin tənqid hədəfinə çevrilib. Əksəriyyət bəyan edib ki, İran səfirinin erməni səngərində dayanıb Azərbaycan ərazilərinə durbinlə baxması qonşu ölkənin diplomatının davranışına uyğun gəlmir. Hətta belə bir təəssürat yaranır ki, sanki səfir və attaşe düşmən dövlətin mövqelərini izləyirlər.

Əvvəlki günlərdə ABŞ və fransalı səfirlər də Azərbaycan-Ermənistan sərhədinə gəliblər. Amma bu iki dövlətin açıq-aydın şəkildə ermənilərin yanında olduqlarını dəfələrlə nümayiş etdiriblər.

Məhz bu səbəbdən İrəvan sərhədə amerikalı və fransalı həbrçilərin yerləşdirilməsi təklifi ilə çıxış edib. Lakin bizə “qardaş” deyib, altda siyasi oyunbazlıqla məşğul olan İranın rəsmi nümayəndəsinin sərhədyanı ərazilərə gəlişinə hansısa formada bəraət qazandırmaq mümkün deyil. Əslində İranın Ermənistana xoş münasibəti hamımıza bəllidir. Qarabağın işğalı vaxtı ərazilərimizdəki tikililərin çapılıb-talanmasında, qanunsuz ticarətin həyata keçirilməsində cənub qonşumuzun rolu böyük olub.

Elə indinin özündə “humanitar yardım” adı altında Laçın dəhlizində dəfələrlə qeydə alınmış qeyri-qanuni səfərlər də kifayət qədərdir. Onu da xatırladaq ki, İranın XİN rəhbəri Cavad Zərif açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın ərazi bütövlüyü Tehran üçün qırmızı xətdir.

Görünür ki, Tehran hökuməti Ermənistanın “ərazi bütövlüyü” ilə bağlı təşvişə düşüb. Əlbəttə, xarici siyasətini müəyyən etmək hər ölkənin suveren hüququdur. Ancaq İran kimi ikibaşlı siyasət yürütmək qonşu dövlətlərlə münasibətlərə ciddi zərbə vurur. Bir məlumatı da diqqətə çatdıraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İranın yeni Prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılacaq. Baş nazir bu məqsədlə avqustun 5-də İrana yola düşəcək. 

AĞ Partiyanın sədri Tural Abbaslı “Şərq”ə deyib ki, İranın dərin dairələrində Azərbaycana qarşı heç bir halda loyaqlıq göstərilməsinə icazə verilmir. Partiya rəhbəri vurğulayıb ki, Tehranda bəzi qüvvələr düşünür ki, Azərbaycanın başı problemlərdən açılsa, Qarabağ məsələsi tam həll edilsə və daxili stabilliyə nail olunsa, İranın təhlükəsizliyinə təhdid yaranacaq:

“Bunu gələcəkdə İranın parçalanmasına zəmin hazırlanması kimi dəyərləndirirlər. Ermənistanla sıx əməkdaşlıq qurmaq, dostluq münasibətini inkişaf etdirməklə rəsmi Bakıya qarşı preventiv addımlar atırlar. Guya önləyici tədbirlər görürlər. Əlbəttə, çox yanlış siyasətdir. İran istəsə də, istəməsə də taleyi Azərbaycanla bağlıdır. Orada milyonlarla soydaşımız yaşayır və böyük əksəriyyəti Arazın bu tayında baş verənlərə biganə qalmırlar. İran hakimiyyətinə məsləhətimiz odur ki, 30 ilə yaxındır yürüdülən yanlış siyasətdən əl çəksin. Azərbaycan-İran arasındakı tarixi-mədəni bağları görməzdən gəlməsinlər”. 
Müsahibimiz bəyan edib ki, rəsmi Bakı ilə həqiqi dostluq münasibəti qurmaq Tehran üçün ancaq fayda verər: “İranda hələ də zənn edirlər ki, Azərbaycanın başını problemlərlə qatmaq ən düzgün seçimdir. Din qardaşımızın bizə Xocalı soyqırımını yaşadan ermənilərlə dostluq etməsi bizi çox məyus edir. Qərb dövlətlərinin Azərbaycan-Ermənistan arasında balanslı siyasət yürütməsini, hətta daha çox xristian Ermənistanı müdafiə etməsini qəbul edə bilərik. Amma müsəlman qonşumuz İranın belə addımı anlaşılan deyil. Həm də təhlükəli hərəkətdir. Azərbaycanda İranın ucbatından baş verə biləcək hansısa siyasi-ictimai hadisə qığılcım olar və İranın öz ərazisinə sıçrayar. Onun qarşısını nə İran hökuməti, nə də digərləri ala bilər. Yaxşı olar ki, İranın yeni rəhbəri İbrahim Rəisi Ermənistan və Azərbaycanla münasibətlərə yenidən baxsın”.