Rusiyanın sülhdən, sabitlikdən danışması mənasızdır
Rus ordusunun Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi İrəvanın öz suverenliyini ayaq altına atmasıdır
Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda (Sünik) qismən həyata keçirilib. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilib. O, iyun ayında Zəngəzura səfər etdiyini, Rusiya və Ermənistan sərhədçilərinin sərhəd postlarını yoxladığını deyib.
Səfir deyib ki, Rusiya sərhədçilərinin və bayrağının orada olması sabitliyin qorunması və hər hansı gərginliyin qarşısını almaq üçün vacibdir. O bildirib ki, gündəlik problemlər yaranarsa, onların həllində Rusiya sərhədçiləri iştirak edəcək: “Digər problemli ərazilərə gəldikdə isə məsələlər Rusiyanın fəal iştirakı ilə müzakirə olunur. Bu problemin əhəmiyyətini başa düşürük, Rusiya müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər aparılır”.
Ermənistandakı rus səfirinin açıqlamasını “Şərq”ə analiz edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, rus ordusunun Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi İrəvanın öz suverenliyini ayaq altına atmasıdır:
“Normal dövlət öz sərhədini özü qoruyar. Rusiyanın bu məsələdə sülhdən, stabillikdən danışması mənasızdır. Rus əsgəri sülh yaratmaq qabiliyyətindədirsə, bunu Qarabağda öz missiyasını yerinə yetirməklə həyata keçirə bilər. Amma biz tam əks prosesin şahidi oluruq. Son günlər baş verənlər özünü qərbpərəst göstərən Nikol Paşinyanın ikibaşlı oyunundan başqa bir şey deyil. Erməni hökuməti dövlət suverenliyinə təhlükə yaradan addımlar atır. Bundan erməni vətəndaşlar narahat olmalıdır. Azərbaycan üçün sərhədlərin bərpası və 10 noyabr bəyannaməsinin icrası vacibdir”.