Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib ki, Ermənilər üçüncü yolu da çəkmək istəyirdilər - Cəbrayıla gedən yol. Bu haqda müharibə zamanı dəfələrlə öz fikirlərimi bildirmişdim və beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır.
Dövlət başçısı, həmçinin əlavə edib: “Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”.
Millət vəkili Cavid Osmanov Minsk Qrupunun “ikili oyunu” barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Torpaqlarımız işğaldan azad edildikdən sonra prezident bir neçə dəfə həmin bölgələrə səfər edib. Düşmənin Kəlbəcəri hədəf aldığı bir vaxtda dövlət başçısının orada olması, əlbəttə, xüsusi mesaj kimi qiymətləndirilməlidir. Dövlət başsının dediyi kimi, Azərbaycan Cəbrayıl yolunun çəkilməsi barədə etirazını bildirmişdi. Amma o vaxt proseslərin sülh yolu ilə həllinə dair mandata sahib Minsk Qrupu məsələyə səssiz qaldı”.
C. Osmanovun fikrincə, sözügedən qurum prosesləri ləngidirdi:
“Minsk Qrupu ötən otuz ildə həmişə fəaliyyətsizliyi ilə seçildi, əməli bir iş görmədi. Həmsədrlər sadəcə turistik səfərlər edirdilər. Bir çox məqamlarda, o cümlədən Cəbrayıla yol çəkilməsi zamanı Minsk Qrupunun ikili standartlardan çıxış etməsi Ermənistanın danışıqlar prosesini imitasiya etməsi ilə nəticələndi. İrəvan elə bilirdi ki, proseslər həllini tapmayacaq. Amma Prezident, Ali Baş Komandanın uğurlu diplomatiytası nəticəsində Qarabağda, o cümlədən Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır”.