Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı bildirib ki, biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik: “Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür”.
“Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm biz öz ərazi bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir.” -deyə Prezident qeyd edib.
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Bakının Ankara və İslamabadla əlaqələri barədə “Sherg.az”a danışdı:
“44 günlük müharibə kimin dost, kimin düşmən olduğunu göstərdi. Türkiyə və Pakistan savaş dövründə bizə siyasi və mənəvi dəstək verdilər. Bu, əvəzolunmaz kömək idi. Türkiyə və Pakistan liderləri ilk günlərdən verdikləri bəyanatlarla yanımızda olduqlarını göstərdilər. Məhz onların bəyanatları nəticəsində bəzi güclər proseslərə müdaxilə etməyə çəkindilər. Başa düşdülər ki, Azərbaycan tək deyil”.