Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Liderlər bir çox məsələləri, o cümlədən Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Kremlin saytının məlumatına görə, Putin fransalı həmkarını üçtərəfli bəyanatının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.
"Danışıq zamanı bölgədə vəziyyətin ümumilikdə sabit olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atıldığı bildirilib", - məlumatda qeyd edilir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov dövlət başçıları arasındakı telefon danışığını “Sherg.az”a şərh etdi:
“Məlumdur ki, Ermənistan 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini yerinə yetirmək istəmir. Bu, özünü Zəngəzur dəhlizinin açılmamasında, erməni silahlılarının Qarabağdan çıxarılmamasında göstərir. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi üçün əvvəlcə tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar. Lakin İrəvan bunu istəmir. Ermənistan tərəfi qaranlıq məqamlara qismən aydınlıq gətirib. İndi suallarımızı vasitəçilik edən, məsələnin həllinə təminat verən Rusiyaya ünvanlamağın əsl vaxtıdır. Fikrimcə, Makron və Putin arasındakı telefon danışığında təxmini bu məsələlər barədə fikir mübadiləsi aparılıb”.