Arzuxan Əlizadə: "Moskvanın məqsədi bölgədə gərginliyi artırmaqla Cənubi Qafqazda daha uzun müddət qalmaqdır"
Rusiya XİN rəsmisi Mariya Zaxarova son günlər Qarabağ ətrafında baş verənlərlə bağlı çıxış edib. Zaxarova bildirib ki, Qarabağda vəziyyət nisbətən sakitdir. Onun sözlərinə görə, Bakı və İrəvan arasında etimadsızlıqdan baş verən ayrı-ayrı insidentlər operativ həll edilir. Kreml təmsilçisi Rusiya sülhməramlılarının öz missiyasını layiqincə yerinə yetirdiyini vurğulayıb: “Ümumilikdə həm Bakıda, həm də İrəvanda ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb. İnsidentlərin baş verməsinin səbəbi Bakı və İrəvan arasında münasibətlərdə kəskin etimad çatışmazlığıdır”. Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə sağlamlaşdırılmasına çalışır: “Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də İrəvanın diqqətinə ən ali və yüksək səviyyələrdə çatdırırıq. Hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıq doğuran məsələləri aradan qaldırmağa çağırırıq”.
Prezident İlham Əliyevin rəsmi Bakının Rusiyanın Ermənistana silah satmayacağına ümid etməsi barədə bəyanatına isə Zaxarova bu cür cavab verib: “Xaricə silah satmaq Rusiyanın suveren hüququdur. Bu cür əlaqələr həm Ermənistan, həm də Azərbaycanla çoxdan mövcuddur. Eyni zamanda biz bölgədə güc nisbətinin qorunub saxlanmasının vacibliyini də nəzərə alırıq. Hesab edirik ki, məsələnin uzunmüddətli həlli sərhədlərin delimitasiyası və sonrakı demarkasiyasından keçir. Biz bu prosesə zəruri məsləhətlərlə kömək etməyə hazırıq”.
Rusiya sözçüsünün açıqlamalarını “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Moskva açıq-aşkar növbəti dəfə Ermənistana havadarlıq edir. Partiya rəhbərinin sözlərinə görə, Kreml revanşist tərəfə silah-sursat verməklə faktiki olaraq yeni müharibəyə zəmin hazırlayır: “Məqsəd əlavə gərginlik ocağı yaratmaqdır. Ermənistan tərəfi silahlandıqca, arxasında Rusiyanın dayandığını gördükcə təxribatların sayını artırır, bölmələrimizi atəşə tutur, revanşist fikirlər səsləndirir. Nəticədə Rusiyanın dəstəyi ilə bölgədə yeni gərginlik ocağı yaranmış olur. Moskvanın məqsədi bölgədə gərginliyi artırmaqla Cənubi Qafqazda daha uzun müddət qalmaqdır. Azərbaycan Prezidenti məsələyə çox doğru-düzgün münasibət bildirdi. Dövlət başçısı qeyd etdi ki, Rusiya erməniləri yenidən silahlandırmaqla heç nəyə nail olmayacaq. İkinci Qarabağ müharibəsində həmin hərbi texnikalar qısa müddətdə sıradan çıxarıldı. İndi hamısı Qənimətlər Parkında sərgilənir. Bundan sonra ermənilərə verilən silahların da taleyi eyni cür olacaq. Çünki ermənilər sülh məqsədilə deyil, yeni müharibə niyyəti ilə silahlanırlar. Rusiya sülhməramlılarının Qarabağda öz missiyalarını yerinə yetirmədiyi, səlahiyyətlərini dəfələrlə aşdıqları göz önündədir. Rəsmi Bakı sülhməramlılarla bağlı qəti mövqeyini dəfələrlə ortaya qoyub. Həm Rusiya, həm də Ermənistan ilk növbədə özləri təhlükəli addımlardan, qıcıq doğuran bəyanatlardan çəkinməlidirlər”.