Asif Nərimanlı: "Bu ölkələr “altılıq platforması”na giriş kartı kimi ərazi bütövlüyü məsələsini şərt olaraq irəli sürə və ən azı Türkiyənin vasitəçiliyi ilə yeni masa qura bilər"
“Ukrayna və Gürcüstan üçün münaqişələrinin həll yolu Türkiyədən keçir. Qərb hər iki ölkəni Rusiya qarşısında yalnız buraxıb”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, “Krım platforması” Ukrayna üçün beynəlxalq dəstəkdir, lakin bu dəstək bəyanatlardan o tərəfə keçmir:
“Reallıq budur ki, Qərb bundan Rusiyaya qarşı təzyiq üçün istifadə edir, lazım olanda isə razılaşır. ABŞ-ın Ukraynaya rəğmən “Şimal axını” layihəsinə “yaşıl işıq” yandırması bunun bariz nümunəsidir. Gürcüstan beş günlük müharibədən sonra ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bir addım da irəliləyə bilməyib. “Ya Rusiya dağılmalı, ya da Putini demokrat hakimiyyət əvəz etməlidir” gözləntisi isə bir az utopiyadır. Reallıq odur ki, Qərb bu ölkələri dəstəklədikcə Rusiya daha da aqressivləşir. Moskva Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyanı nə ABŞ-la, nə də Çinlə paylaşmaq istəyir. Anlaşa biləcəyi yeganə ölkə Türkiyədir. Qarabağ müharibəsi, Türkiyənin Cənubi Qafqaza aktiv girişi bunu göstərdi. Ankara bu coğrafiyada qlobal oyunçu gücünü aktivləşdirir. Şərqi Avropa açılımı, Mərkəzi Asiyada güclənmək, Əfqanıstanda təhlükəsizliyin əsas qarantı olmaq gedişləri bunu isbatlayır”.
A.Nərimanlı qeyd edib ki, Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi türkdilli olmayan dövlətləri də bu çətir altında toplamaq və bununla Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirmək planıdır:
“Türkiyənin bu coğrafiyada əsas güc olma və Rusiya ilə anlaşma potensialı var. Əslində yeni dünya “Orta Dünya” da deyə biləcəyimiz bu coğrafiyada qurulur. Vladimir Zelenski hakimiyyəti Qərbin əməli dəstəyinin olmaması və qlobal dəyişikliyi anladığı üçün Ankara ilə yaxınlaşmaq xəttini tutur. İstisna deyil ki, Ukrayna da gələcəkdə Türk Şurasına qoşulsun. Gürcüstan yeni reallıqlardan istifadə etməlidir. Rusiyanın da istədiyi “altılıq platforması”na giriş kartı kimi ərazi bütövlüyü məsələsini şərt olaraq irəli sürə və ən azı Türkiyənin vasitəçiliyi ilə yeni masa qura bilər. Bakı da bu prosesdə aktiv oyunçu olmalıdır. Əks təqdirdə Rusiyanın mümkün dağılma perspektivini çox gözləməli olacaqlar, Kremldə Putini əvəzləyəcək “demokrat” isə heç gəlməyəcək”.