Baş nazir hələ telefondan çox "asılı" qalacaq

Putin gözü Qərbdə olan Paşinyanı süründürməklə həzz alır, onu alçaldır

"Çox qısa zamanda Zəngəzur dəhlizinin açılmasına nail olmalıyıq. Ermənistanla əlaqələr məhdud şəkildə bərpa olunmalı, Türkiyə ilə Ermənistan arasında münasibətlər qurulmalıdır"


Gorus-Qafan avtomobil yolunun bağlanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan dərhal Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb. Ancaq Kreml rəhbəri 2 gün Paşinyanın telefonlarına çıxmayıb. Rusiya siyasi dairələrində belə bir fikir var ki, Putin bu yolla Paşinyana onun vasitəçiliyi olmadan heç bir sərhəd məsələsinin həll oluna bilməyəcəyini və Moskvadan yan keçmək cəhdlərinin sadəcə mənasız olacağını çatdırıb. Məlumat üçün bildirək ki, Azərbaycan avqustun 25-də əsgər Ruslan Şirəliyev iki erməni silahlısının qəfil hücumuna məruz qalıb və yaralanıb. Buna cavab olaraq elə həmin gün Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb. İki gün davam edən üçtərəfli danışıqlardan sonra avqustun 27-si yol açılıb. 

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə deyib ki, Putin Paşinyanın zənglərinə gec çıxmaqla kimin söz sahibi olduğunu göstərmək istəyir. Ekspertin sözlərinə görə, əslində söz sahibinin kimliyi İrəvana çoxdan bəllidir:

“Paşinyanın müharibənin ilk günündən sonuna kimi telefondan “asılı” qaldığını bütün dünya gördü. Rusiya prezidenti belə addımları ilə bəzi olaylarda Moskvanın guya neytral qaldığını, bir sıra hadisələrə biganə yanaşdığını subüt etməyə çalışır.

Kremlə lazım olan rus qoşunlarının regionda yerləşməsi idi, ona da nail oldu. Hazırda Rusiya Qarabağdakı proseslərə təsir imkanına sahibdir. Hətta Putin bəzən hər məsələyə görə ona yalvaran, amma gözü Qərbdə olan Paşinyanı süründürməkdən belə həzz alır, onu alçaldır.

Kimin ağa olduğunu başa salır. Regiondakı proseslər Rusiyanın nəzarətində olsa da, Moskva Azərbaycanın tələblərini nəzərə almaq məcburiyyətindədir. Yaddan çıxarmayaq ki, 44 günlük müharibə heç də Rusiyanın istək və tələblərinə uyğun başlamamışdı.

Hətta savaş Kremlin planlarını böyük ölçüdə pozmuşdu. Müharibə Azərbaycan tərəfinin Türkiyə ilə birlikdə fəaliyyətinin məntiqi nəticəsi idi. Rusiya öz maraqlarına uyğun gəlməyən reallıqları yenidən bərpa etməyə səy göstərir. Münaqişənin hələ də mövcud olduğunu sətiraltı mesajlarla diqqətə çatdırır. Əlbəttə, bu, çox təhlükəli tendensiyadır və gələcəkdə bizə problemlər yarada bilər”. 

A.Qasımov vurğulayıb ki, Ermənistan müharibənin zərbəsindən ayılana kimi rəsmi Bakı prosesi sona çatdırmalıdır:

“Çox qısa zamanda Zəngəzur dəhlizinin açılmasına nail olmalıyıq. Ermənistanla əlaqələr məhdud şəkildə bərpa olunmalı, Türkiyə ilə Ermənistan arasında münasibətlər qurulmalıdır. Hesab etmək olar ki, əlaqələrin bərpasından sonra erməni cəmiyyəti qonşuları ilə sakit və firavan yaşayışın nəticəsini görər və öz xülyalarına son verər.

Ondan sonra yekun sülh müqaviləsi barədə fikirləşmək olar. Bunlar reallaşarsa, Paşinyan hökuməti də hər çətinlikdə Putinə yalvarmaq məcburiyyətində qalmaz”.