Mirzoyan sərsəmlədi...

Erməni nazirin sərsəm açıqlamaları atəşkəsin pozulmasına gətirib çıxara bilər

"Ermənistan tərəfi siyasi-hərbi aqressiv hərəkətlərinin cavabını artıqlaması ilə alacaq"


“Azərbaycanın davamlı təcavüzkar ritorikası heç bir halda bölgədə uzunmüddətli və davamlı sülh üçün əlverişli bir mühitin yaradılmasına töhfə vermir”. Bu absurd fikirləri Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan "RİA Novosti" agentliyinə müsahibəsində səsləndirib. Nazir qeyd edib ki, erməni tərəfi daim qondarma “Artsax” xalqının öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsinə kömək edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi erməni tərəfinin sərsəm bəyanatını cavabsız qoymayıb. XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ararat Mirzoyan İrəvanın bugünədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib: “Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırır. Bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyası” saxtakarlıqdan başqa bir şey deyil.

Bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyi ortadadır. Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır”. L.Abdullayeva vurğulayıb ki, Azərbaycan dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfi isə daim revanşist bəyanat və davranışları ilə önə çıxıb. 

Mirzoyanın bəyanatını “Şərq”ə dəyərləndirən millət vəkili Arzu Nağıyev bildirib ki, yeni xarici işlər naziri “ciddi diplomat” görüntüsü yaratmaq üçün ağlına gələni danışır, sərsəm açıqlamalar səsləndirir. Deputat vurğulayıb ki, Ermənistan tərəfi siyasi-hərbi aqressiv hərəkətlərinin cavabını artıqlaması ilə alacaq:

“Ermənistan tərəfinin bu cür ritorikası atəşkəsin pozulmasına gətirib çıxara bilər. İrəvan hökuməti bir müddət gərginliyin artmasında maraqlı olacaq. Ermənistan Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının üzvü olduğuna diqqət çəkmək istəyir. Çünki sentyabrdan etibarən rotasiya qaydasında KTMT-yə rəhbərlik İrəvana keçir. Yəni Paşinyan hökumətinin revanşist ritorikası daxili və xarici siyasətə hesablanıb. Ermənistanın sülh bəyanatları qeyri-səmimidir. Əgər niyyətləri ciddi olsaydı, rəsmi Bakının çoxsaylı sülh çağırışlarına müsbət cavab verərdilər. Bildirib ki, ərazi bütövlüyünün tanınma şərti ilə İrəvanla sülh bağlamaq mümkündür. Lakin indiyədək nə dəhlizlərin açılması, nə də kommunikasiyaların bərpası ilə bağlı erməni tərəfinin müsbət bəyanatını görmüşük”. 

A.Nağıyevə görə, İrəvanın əsas məqsədi Minsk qrupunu yenidən proseslərə cəlb etmək, bundan sonrakı danışıqları, müzakirələri həmsədrlərin iştirakı ilə davam etdirməkdir:

“Məqsəd Fransanı regiona gətirmək və 10 noyabr sazişinin icrasını mümkün qədər uzatmaqdır. Amma yenə deyirəm, hamısı daxili auditoriya üçün hesablanmış siyasi bəyanatlardır. Bu cür açıqlamaların arxasında heç bir real güc yoxdur. Lokal atəşkəs pozuntularından savayı ciddi proseslərin yaşanacağına ehtimal vermirəm. Rəsmi Bakının mövqeyi qətidir. İsrarla, təmkinlə öz siyasətimizi həyata keçiririk. İrəvan qorxur ki, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında uçurum daha da dərinləşər. Ona görə də erməni deputatların bir qismi qondarma rejimin “müstəqillik günündə” iştirak etmək üçün Xankəndinə gəliblər”.