Əhəd Məmmədli: "Müxalifət partiyaları da iqtidarın kiçik hissəsi sayılır"
"Pənah bəyin “siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərlə bağlı narahatlığını bölüşürük"
Xəbər verdiyimiz kimi ötən gün AXP sədri Pənah Hüseyn “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr keçirildiyini deyib. Partiya rəhbəri müzakirələrdə bir sıra partiya təmsilçilərinin və müstəqil ekspertlərin iştirak etdiyini söyləyib. Pənah Hüseyn bildirib ki, Konstitusiyada siyasi partiyalar və seçkilərlə əlaqədar dəyişikliklər edilənə, yeni müddəalar əlavə olunana qədər siyasi partiyalar haqqında yeni qanuna ehtiyac yoxdur:
“Konseptual olaraq, mən siyasi partiyalar haqqında qanunun, siyasi partiyaların təsisi və dövlət qeydiyyatının daha da sadələşdirilməsi, asanlaşdırılması tərəfdarıyam. Amma bizə çatan məlumatlarda yeni qanun təşəbbüsçülərinin əks niyyətli olduğu deyilir”. P.Hüseynə görə, xoşagəlməz hal odur ki, bu məhdudiyyətlər, ümumiyyətlə yeni qanun layihəsinin qəbulu güya bir sıra mövcud qeyri-iqtidar siyasi partiyaların adından, onların tələbi kimi təqdim edilir.
Aparılan müzakirələrlə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, təmsil olunduğu təşkilatın Pənah Hüseynin rəhbərlik etdiyi AXP ilə çox yaxşı münasibətləri var. İki siyasi qurum tərəfdaş partiyalar olaraq bir çox məsələlərdə birgə məsləhətləşir və müzakirələr aparırlar:
“Pənah bəyin “siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərlə bağlı narahatlığını bölüşürük. Azərbaycanda siyasət peşəkarlaşmayana, partiyalar siyasətdə söz sahibi olmayana kimi bu sahədə gedişat daha təhlükəli məcraya yönələcək. Postsovet məkanında, o cümlədən ərəb dünyasında bu cür arzuolunmaz nümunələr çoxdur. Dövlət özü ilk növbədə partiyaların peşəkarlaşmasında maraqlı olmalıdır. Bütün dövlət strukturları sadəcə bir partiyanın nəzarəti və idarəsi altında ola bilməz.
Müxalifət partiyaları da iqtidarın kiçik hissəsi sayılır. Ancaq bizim ölkədə müxalifət sanki dissident həyatı yaşayır. Ölkəmizdə fəaliyyət göstərən güclü və nüfuzlu partiyalar siyasi səhnədə söz sahibinə çevrilməlidir. Buna imkan yaratmaq lazımdır. Hansısa partiyanın Milli Məclisdə təmsil olunması ilə iş bitmir. Parlamentdən kənar elə partiyalar var ki, fəaliyyətləri və təsir imkanları Milli Məclisdə yer alan siyasi təşkilatlardan qat-qat çoxdur”.
Ə.Məmmədli qeyd edib ki, bizə kağız üzərində formal yox, real demokratiya lazımdır:
“Siyasi müstəvidə sağlam rəqabət mühiti formalaşmalıdır. Ümid edirik, hökumət rasional və sağlam addımlar ataraq Azərbaycan siyasətində ciddi dəyişiklik edəcək. Bunun üçün ilk növbədə Konstitusiya dəyişikliyinə gedilməli, referendum keçirilməlidir. Ən əsası isə parlamentin heç olmasa müəyyən hissəsi proporsional seçki sistemi ilə seçilməlidir”.