“Ağdamda yerləşən Monitorinq Mərkəzi imkanları hətta xırda pozuntuları qeyd etmək imkanına malikdir”
“Heç bir əli silahlı Azərbaycan torpağına keçməməlidir. Dövlətimiz bunu Rusiyadan da tələb edir”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rus sülhməramlılarının fəaliyyəti ilə bağlı BBC-yə açıqlama verib.
O, qeyd edib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir.
H.Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib:
"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir.
Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər".
Prezidentin köməkçisi vurğulayıb ki, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır:
"Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb".
Rus sülhməramlılarının fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin sözlərinə görə, Ağdamda yerləşən Monitorinq Mərkəzi imkanları hətta xırda pozuntuları qeyd etmək imkanına malikdir.
Parlament üzvü qeyd edib ki, Azərbaycan rus sülhməramlılarının diqqətinə bütün faktları təqdim etməlidir:
“Diplomatik vasitələrlə Rusiya sülhməramlılarının mandatı xaricinə çıxan məqamları aradan qaldırmalıyıq. Əsas təhlükə odur ki, erməni silahlı qüvvələri Laçın dəhlizi vasitəsilə ərazilərimizə keçirlər.
Onlar dəfələrlə hansısa siyasətçiləri bölgəmizə gətirərək, təxribat aksiyaları keçirməyə cəhd ediblər. Məhz bunun üçün də Azərbaycan bütün prosesləri ciddi izləmək imkanına malikdir.
Monitorinq Mərkəzi də bu istiqamətdə geniş məlumatlar əldə edir. Rusların özlərinə dəfələrlə sübut edilib ki, onlar öz fəaliyyətlərini düzgün qurmurlar”.
A.Mollazadə vurğulayıb ki, Rusiya sülhməramlıları hər zaman çox ciddi nəzarət altında olmalıdır:
“Əslində Ermənistanın bəzi dairələri üçtərəfli bəyanatı gözdən salmaq, Fransa və ona dəstək olan digər ölkələri prosesə cəlb etmək istəyir. Nəzərə almaq lazımdır ki, çox vaxt ermənilərin rus sülhməramlılarından istifadə edərək, pozuntulara nail olmaq məqsədi də bununla bağlıdır. Ermənistan bir neçə tərəflə oyun oynadığı üçün təxribatlarının sayını artırmaq istəyir. Lakin heç bir əli silahlı Azərbaycan torpağına keçməməlidir. Dövlətimiz bunu Rusiyadan da tələb edir. Düşünürəm ki, bütün silahlıların torpaqlarımızdan çıxarılmasına nail olmalıyıq. O zaman bölgəmizdə yaşayan ermənilərin təhlükəsizliyini özümüz təmin etməyə qadir olacağıq. Bunu da bütün dünyaya nümayiş etdirməyi bacarmalıyıq”.