Ermənistanda həbs dalğası:“Rüşvət və talançılıqla məşğul olublar” 

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın keçmiş baş prokuroru və istintaq komitəsinin keçmiş rəhbəri Aqvan Hovsepyanın həbs edilməsi barədə qərar qəbul edib. Bildirilir ki, A.Hovsepyan böyük miqdarda rüşvət almaqda, həmçinin çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham edilir. Sabiq baş prokurorun vəkili qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.



İrəvanda belə həbslərin davamlı olacağını deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a söyləyib ki, Ermənistanda bu cür hadisələrin yaşanması gözlənilən idi:

“Hazırda ölkədə müəyyən əmlak bölgüsü gedir. Paşinyandan əvvəl vəzifədə olan şəxslər də rüşvət və talançılıqla məşğul olublar. İndi həmin şəxslərin əldə etdikləri sərvəti geri almağa çalışırlar.

Əvvəllər Ermənistan ordusu ilə bağlı da müəyyən faktlar ortaya çıxırdı. Generallar belə rüşvətdə ittiham olunurdu.
Ermənistan cəmiyyəti tamamilə rüşvət və korrupsiya içində batıb gedir. Ona görə də belə həbslər hər zaman davam edəcək”.