İqtidar-müxalifət dialoqu, yoxsa növbəti görüş

Natiq Cəfərli: "İndiyə qədər bizim partiya ilə dialoq çərçivəsində 12 görüş keçirilib"

Pənah Hüseyn: "Dəvət almamışam"

Mirmahmud Mirəlioğlu: "Xalqımıza maraqlı olan məqamlar müzakirə oluna bilər"


Siyasi partiyalar iqtidarlı-müxalifətli yenidən toplaşacaq.  Cümə axşamı baş tutacaq dialoqda nələrin müzakirə ediləcəyi açıqlanmayıb. İqtidar və müxalifət dialoqu onlayn formatda baş tutmalıdır. 
Partiyalar iqtidar-müxalifət dialoquna hazırdırmı, yaxud dəvət gəlibmi?

Sualımızı cavablandıran ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Şərq”ə açıqlamasında vurğulayıb ki, bəlli mövzularla bağlı internet üzərində onlayn konfrans keçiriləcək:

“Əsas müzakirə olunacaq məsələ 44 günlük Vətən savaşından sonra yaranmış vəziyyət və qarşıda duran problemlər, bu problemlərdən çıxış yolları ilə bağlı siyasi partiyaların baxışlarına dair fikir mübadiləsinin aparılmasıdır. İndiyə qədər bizim partiya ilə dialoq çərçivəsində 12 görüş keçirilib. Bu görüşlərdə müxtəlif təkliflər səsləndirilib və bəziləri ilə bağlı işlər gedir. Məsələn, QHT qanunvericiliyinə dair son tamamlama işləri aparılır. Verdiyimiz təkliflərin də nəzərə alınacağını düşünürük.

İqtidarla-müxalifət arasında fikir ayrılıqlarının olması ilə bağlı müzakirələr və müxtəlif problemlərə alternativ baxışların sərgilənməsi çox yaxşıdır. Çünki ölkənin qarşısında duran problemlərlə əlaqədar ortaq məxrəcə gələrək müəyyən addımların atılması üçün fürsət yaranır. Keçiriləcək onlayn konfransda partiyamızın sədri İlqar Məmmədovun çıxışı gözlənilir. Çox güman ki, tərəfimizdən bir çox tezislərin səsləndirilməsi olacaq. Artıq ölkədə postmüharibə dönəmindəki bir çox məsələ ilə əlaqədar müəyyən ideyalar var. Bu ideyaların irəli sürülməsinə dair təkliflərimizi qeyd edəcəyik”.

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, iqtidarla-müxalifət arasında hansısa görüş, dialoq  olmayacaq:

“Məndə olan məlumata görə,  bu, onlayın konfransdır və konfransı da görüş adlandırmaq düzgün deyil. Həmin onlayn müzakirələrə hələ ki, dəvət almamışam. Təbii ki, söz verilsə, çıxış edəcəyəm”.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun fikrincə, onlayn konfransda aktuallıq kəsb edən məsələlərin müzakirəsi olacaq:

“Daha çox hamının diqqətini cəlb edən və xalqımıza maraqlı olan məqamlar müzakirə oluna bilər”.

Yeganə Bayramova