“Hər kəs siyasi fikrini sərbəst bildirə bilməlidir. Siyasi sistem, ölkə, hakimiyyət siyasi partiyalarsız mövcud ola bilməz”.- Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Daha ətraflı “Sherg.az”a danışan ekspert güclü partiyalaşmanın iqtidar üçün təkcə rəqabət deyil, alternativ imkanlar, təkliflər, daha yüksək səviyyəli fəaliyyət üçün səbəblər doğurduğunu bildirdi: “Vətən müharibəsi yeni bir ölkə yaradıb. Heç nəyi əvvəlki kimi deyil, nə ictimai düşüncə, nə davranış, nə də rollar. Bəs bu yeni təşəkkül içərisində partiyalar hardadır? Bir neçə müddətdir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi partiyalarla yaxşı münasibətlər qurub, görüşlər keçirir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya sədrləri ilə bu gün saat 15-də onlayn formatda görüşü baş tutub. Açığı, dövlət və cəmiyyət olaraq, post-müharibə dövrünün reallıqları ilə üz-üzəyik, qələbə, yeni şərait təkcə iqtidar üzərində məsuliyyət müəyyənləşdirməyib. Qalib ölkənin siyasi sistemi, siyasi partiyaları üçün unikal özünüifadə imkanları da yaranıb. Tam və ciddi şəkildə, rəqabət şərtilə iç-içə, milli maraqlar naminə fəaliyyət göstərmək zamanıdır”.