"Region dövlətləri anlamalıdır ki, onların pərdəarxası oyunları keçmişdə qalıb"

“Ermənistanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində son günlər baş verən hadisələr bir daha onu göstərir ki, Azərbaycan kimliyindən, hansı dövlətə mənsub olmasından asılı olmayaraq, öz suveren hüquqlarını sonuna kimi qorumağa qərarlıdır”.

Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri Azər Qasımov deyib

Partiya təmsilçisi qeyd edib ki, bu davranış İrana olduğu kimi Rusiyaya da mesajdır: 

“Günün birində Rusiyanın açıq əks fəaliyyətinə eyni reaksiyanın göstəriləcəyi qaçılmazdır. Hərçənd, bunun mesajları dəfələrlə verilib. Azərbaycan haqlı olduğundan hər zaman öz mövqeyini qorumaq üçün atacağı ciddi və həlledici addımlar kimsədə şübhə doğurmamalıdır. Uzun illərdən sonra haqlı mövqeyini dünya ictimaiyyətinin gözü qarşısında sübut etməyi bacaran Azərbaycanın bundan sonra da hər addımı atmağa siyasi və hərbi iradəsinin çatacağına əmin olsunlar. Region dövlətləri anlamalıdır ki, onların pərdəarxası oyunları keçmişdə qalıb. İndi gizli oyunlar dövrü yox, əməkdaşlıq və iqtisadi əlaqələrin qanun çərçivəsində inkişafı mərhələsidir”. 

A.Qasımov bəyan edib ki, İran dövləti kiçik Ermənistanla əlaqələrdən qəpik-quruş qazanmağın ardınca getməməlidir: 

“İran yaxşı olardı ki, regionlararası iqtisadi əməkdaşlıq yolu ilə daha böyük gəlirlər imkanı təklif edən Azərbaycan dövlətinə qulaq versin. Tehran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq fəaliyyətlərini dayandırmalıdır. Bu, ilk növbədə onların, eyni zamanda bölgənin digər ölkələrinin xeyrinə olardı”.

İsmayıl Qocayev