Rusiya özünü “tor”a salıb! – “O ipləri ancaq Türkiyə kəsə bilər”

“Ona görə də Rusiya Ərdoğanın Azərbaycan və Cənubi Qafqazla bağlı irəli sürdüyü bütün müddiəaların ən azı 80-90 faizini qəbul etməlidir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.

Səfər çərçivəsində müzakirə olunacaq məsələlərlə bağlı “Sherg.az”a danışan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev qeyd edib ki, bütün dünya Cənubi Qafqazda aranı qarışdıran dövlətin Rusiya olduğunu bilir:

“Ona görə də Ərdoğanla Putinin görüşündə birinci yerdə Azərbaycan məsələsi dayanacaq. Çünki Türkiyə lideri Yaxın və Orta Şərqdə bir nömrəli oyunçudur. Cənubi Qafqazda sülhün bərqərar olmasında təkcə Türkiyə və Pakistan deyil, İsrail, İngiltərə, Ukrayna və Çin kimi dövlətlər maraqlıdır. Rusiya NATO ilə üz-üzə gəlmək istəmirsə, mütləq Türkiyə ilə müəyyən razılaşmalar əldə etməlidir. Türkiyənin də əsas razılaşması Azərbaycanla bağlıdır”.

Politoloqun fikrincə, Rusiya Krımı işğal etdi ki, Qara dənizdə hərbi dəniz donanmasında söz sahibi olsun:

“Rəsmi Moskva bir tərəfdən Xəzər dənizdə də söz sahibi olmağa çalışır. Bunun üçün də Azərbaycana kifayət qədər maneçilik törədir. Türkiyə ilə Azərbaycanın Xəzərdəki təlimləri də Rusiyanı narahat edir. Ərdoğan Rusiyaya səfərində bu məsələləri Putinlə müzakirə etməlidir. Müzakirə olunacaq digər mövzu Əfqanıstan məsələsidir. ABŞ Əfqanıstandan qəfil çıxdı və orada 85 milyon dollarlıq müasir silah-sursat qoydu. Əfqanıstanı da əsas dəstəkləyən ölkə Pakistandır. Pakistan həmçinin Azərbaycanın yanındadır. Rusiya işğalçılıq siyasəti ilə özünü elə “tor”a salıb ki, ancaq çabalamaqla məşğuldur. Lakin özünü “tor”dan çıxara bilmir, kimsə ona kömək əlini uzatmalı, həmin “tor”un “iplərini kəsməlidir”. 

Bu ipləri isə ancaq Türkiyə kəsə bilər. Ona görə də Rusiya Ərdoğanın Azərbaycan və Cənubi Qafqazla bağlı irəli sürdüyü bütün müddiəaların ən azı 80-90 faizini qəbul etməlidir. Xüsusilə də Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanması və ərazilərimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlılarla bağlı məsələ mütləq gündəmə gətiriləcək. Əks təqdirdə onsuz da Rusiyanın başı dərddədir.

 Həm seçkilər, həm yürütdüyü imperiya və işğalçılıq siyasəti, həm daxilində müxalifəti məhv edən qüvvələr, həm əhallinin sosial vəziyyətinin ağır olması-bütün bunlar göstərir ki, Kremlin çoxsaylı problemləri var. Rusiya həmin problemlərdən qurtulmaq üçün Türkiyədən möhkəm “yapışmalıdır” ”.

Yeganə Bayramova