Vasif Əfəndiyev: "Lakin bölgədə güclü Azərbaycan və Türkiyə reallığı var"
Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən növbəti dəfə yalan informasiya yayıb. Nazirliyin rəsmi saytında qeyd olunub ki, guya, sentyabrın 17-də Azərbaycan ordusunun bölmələri tərəfindən atəş açılması nəticəsində Şuşa istiqamətində 2 erməni silahlısı yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, yayılan söz-söhbətlə bağlı Azərbaycan tərəfinin və Rusiya sülhməramlı kontingentinin birgə iştirakı ilə araşdırılma aparılıb. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub: “Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil. Azərbaycan tərəfi ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”.
Xatırladaq ki, Rusiya tərəfi bir neçə dəfə bənzər təxribatlara əl atıb. Bir müddət əvvəl dövlət qurumunun rəsmi saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsi yer almışdı.
Kremlin söz oyunlarını “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Rusiya sülhməramlılarının konkret beynəlxalq statusu olmadığı üçün bölgədə qeyri müəyyənlik mövcuddur. Analitik bildirib ki, razılaşmaya əsasən, 5 ilin tamamında sülhməramlılar Qarabağı tərk etməyə məcburdur:
“Böyük ehtimalla bu tələbi ilk növbədə Azərbaycan qoyacaq. Rusiyanın Qarabağla bağlı fərqli planlarının olması sirr deyil. Moskva Cənubi Qafqazdan çəkilmək istəmir və daimi qalmaq üçün təxribatlara belə əl atacağını gizlətmir. Rusiyaya məxsus həm dövlət, həm də “müstəqil” hesab olunan informasiya şəbəkələri mütəmadi olaraq təhrif edilmiş məlumatları dövriyyəyə buraxırlar.
Üzücü olsa da, etiraf etməliyik ki, Rusiya bu istiqamətdə tək hərəkət etmir. Yaxın qonşumuz İranla eyni nöqtəyə vururlar. Hazırda İran cənub sərhədlərimizdə 70-ci illərdən qalmış hərbi texnikalarını nümayiş etdirir. Lakin bölgədə güclü Azərbaycan və Türkiyə reallığı var.
Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək görüşmək istəməsi pozitiv hadisələrin baş verə biləcəyinə işarədir. Paşinyan anlayır ki, Rusiya Ermənistanın gələcəyi üçün müsbət heç nə vəd etmir. Ən azından gördü ki, Kreml ən lazımlı anda erməniləri tək qoydu. Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaq Ermənistan üçün böyük gələcək vəd edir. Paşinyan bunu nə qədər tez reallaşdırmağa çalışarsa, bizim iştirakımızla regionda əbədi və dayanıqlı sülh yaranacaq”.
İsmayıl Qocayev