Qondarma respublika olmadığı üçün, qondarma bayraq da ola bilməz
Ermənistan isterika yaşasa da, reallığı göstərən Azərbaycan əsgəri və polisidir
Xəbər verdiyimiz kimi, Azərbaycan polisi Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən hərəkət edən avtomobilin üzərindəki qondarma “respublika”nın “bayrağı”nı elə yerindəcə süngü ilə qazıyıb. Təxribatçı ermənilər daimi missiyalarına sadiq qalaraq avtobusun üzərinə qondarma rejimin əski parçasını yapışdırıblar. Postda yoxlanış zamanı “bayraq” rəsmi polisimizin diqqətindən yayınmayıb. Polisimiz süngü ilə həmin qondarma “bayrağı” sildikdən sonra “Qarabağ Azərbaycandır” deyərək sürücünü yola salıb.
Qısa zamanda sosial şəbəkələrdə trendə çevrilən video Ermənistanda rezonans doğurub. Polis postunda hər şeyin belə xırda detallara qədər incələnməsi isə ictimaiyyət arasında qorxu yaradıb. Sadə ermənilərlə yanaşı siyasətçilər, ictimai fəallar bundan sonra öz hüquq-mühafizə orqanlarının yox, Azərbaycan polisinin dediyi ilə oturub-duracaqlarından qorxduqlarını aşkar şəkildə etiraf ediblər. Deputat Artur Qazinyan Azərbaycanın bütün sferalarda diktə edən tərəf olmasından gileylənib. Qazinyan ölkə rəhbərliyinin sayəsində rəzil duruma düşdüklərini deyib: “Artıq maşınlarımızda hərbi bıçaqla “Artsax”a aid “bayraq” təmizlənir. Bütün bunlara paralel olaraq “qürurlu insanlar” müstəqilliklə bağlı rəngarəng bayramları səbirsizliklə gözləyirlər”. “Vətən” Partiyasının rəsmisi Babken Arutyunyan da təxribatın qarşısını alan Azərbaycan polisi ilə bağlı yayılan görüntülərdən üzüldüyünü gizlətməyib. O, bu duruma görə hakimiyyətlə yanaşı xalqı da qınayıb: “Bu aşağılanmağa qarşı kim çıxmalıdır? Hakimiyyəti tamamilə ələ keçirmək və müxalifətə qarşı repressiya tətbiq etmək üçün “polad” mandat aldınız. Gedin, düşmənlə də mübarizə aparın. Hakimiyyət, hökumət sizsiniz, biz yox! Nikolizmə səs verənlər, nə ilə fəxr edirlər?”. Qeyd edək ki, əksər erməni ekspertlər “bayraq” silmə hadisəsinin üzərindən sakit keçərək, maşının içərisində yeniyetmə ermənilərin olduğuna diqqət çəkməyə çalışıblar. Guya, polisimizin hərəkəti erməni uşaqlarını “qorxudub”.
Məlum olayın Ermənistanda yaratdığı narahatlıqla bağlı “Şərq”lə fikirlərini bölüşən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, polisimizin hərəkəti çox qürurvericidir. Professorun sözlərinə görə, bu məsələdə dövlətin yürütdüyü siyasətin və ölkə mediasının da rolu danılmazdır:
“Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, “Dağlıq Qarabağ” adında heç bir “respublika” yoxdur. Silahlı qüvvələrimiz, sərhəd qoşunlarımız, hüquq-mühafizə orqanlarımız dövlət başçısının tapşırıqlarını icra edirlər. Bir vətəndaş kimi polisimizə minnətdaram ki, bu cür qürurverici addımla bizi fərəhləndirirlər. Əslində bu hərəkətin erməni yeniyetmələrinin gözü qarşısında edilməsi də uğurlu gediş idi. Erməni gəncləri gördülər ki, belə qondarma “respublika” olmadığı üçün, hansısa “bayrağı” da ola bilməz. Heç olmasa, valideynləri kimi xülyalarla yaşamazlar”.
C.Nuriyev qeyd edib ki, Ermənistanın bunu isterika ilə qarşılaması təbiidir:
“Erməni kilsəsi yüzillərdir təbliğat aparır, özlərini dünyanın “ən ağıllı”, “ən cəsarətli” xalqı kimi təqdim edirdilər. 44 gündə məlum oldu ki, bunların hamısı uydurma imiş. Artıq bu reallığı erməni toplumu əyani şəkildə görməkdədir. Reallığı göstərənlər isə Azərbaycan əsgəri və polisidir. Ermənilərin özləri də uzun zaman beyinlərinə yeridilmiş miflərə inanmamağa başlayıb. Gec-tez hamısı ayılacaq. Təşvişlərinə səbəb olan başqa məqamlar da var. Ermənilər Qarabağı çoxdan əldən verdiklərini yaxşı bilirlər və bunu qəbul ediblər. Onları daha çox narahat edən məsələ Ermənistanın da əldən çıxması təhlükəsidir”.
İsmayıl Qocayev