Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Nyu York şəhərinə yola düşüb. C.Bayramov və nümayəndə heyəti səfər çərçivəsində BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Məlum səfərin əhəmiyyətini “Sherg.az”a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti, politoloq Samir Hümbətov qeyd edib ki, Ceyhun Bayramovun indiki vəziyyətdə ABŞ-a səfəri bir neçə tarixi əlaməti ilə yadda qalıb:
“Bunlardan biri odur ki, Azərbaycan İkinci Qarabağ savaşında qalib gəlib və C.Bayramov zəfər çalan dövlətin XİN başçısı statusu ilə bu səfərə yollanıb. Hesab edirəm ki, nazirimiz əsasən dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Həmin rəsmi şəxslər əsasən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə bu görüşə qatılacaqlar.
Səfər əvvəlkilərdən çox fərqlənir. Yəqin ki, C.Bayramov budəfəki səfəri zamanı həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici siyasət idarələrinin başçıları ilə də görüşəcək.
Məhz bu görüş uzun müddətdir ATƏT tərəfindən səsləndirilən fikirlərin susdurulması və söz kəsənlik xarakteri daşıyacaq. Ümumilikdə isə dost və müttəfiq dövlətlərlə müzakirələrin aparılması daha böyük ehtimala malikdir. Səfərə sadəcə olaraq BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün yox, həm də üçtərəfli bəyanatın imzalanmasından sonra böyük görüş kimi yanaşmaq lazımdır. Səfər çərçivəsində son dövrlər İran-Azərbaycan və Ermənistan-Azərbaycan sərhəddindən baş verən proseslərin müzakirəsi də gözlənilir”.
Yeganə Bayramova