Molla rejimi Ermənistana yük daşımaqla xislətini ortaya qoyur
Dünya dəyişir, İran da zamanla dəyişməyə məcbur qalacaq
İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video-görüntülər yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problemlər və təhlükələrlə üzləşdiyini, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd ediblər.
Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük maşınlarından tranzit haqqı alır və bu, o yüklər üçün o qədər də böyük məbləğ sayılmır. Necə olur ki, TIR-lar 100-150 dollara tranzit ödəməmək üçün ən təhlükəli yoldan istifadə edirlər? Nəzərə alaq ki, həmin yoldan istifadə edən ağır yük maşınları tranzit pulundan daha çox xərcə düşürlər. Məlumata görə, təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib. İrandan gələn yük maşınlarının sadəcə 100 dollar tranzit haqqına görə bu qədər təhlükəni, ölüm riskini gözə alması mübahisəlidir. Deməli, maşınlarda daşınan yüklər heç də humanitar vasitələr deyil. Onlar təhlükəli yolları qət etməklə daşıdıqları yüklərin gizli qalmasını təmin edirlər.
Qeyd edək ki, İranın Azərbaycanla sərhəddə, xüsusulə də indiki həssas məqamda, Ermənistanın revanşist iddialarının dalana dirəndiyi və İrəvandan yalvarış mesajlarının səsləndiyi bir zamanda təlimlər keçirməsini də məğlub ölkəyə dəstək kimi qiymətləndirmək olar. Təbii ki, bu addım Azərbaycana dost olmayan münasibətin göstəricisi sayılır.
Doğrudur, İran beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanla sərhədyanı ərazilərdə keçirilən hərbi təlimlərlə bağlı rəsmi Bakını məlumatlandırıb və bəyan edib ki, təlimlər ölkəmizə qarşı deyil. Lakin İranın bəzi dini-siyasi dairələri, həmçinin sosial şəbəkələrdəki anti-Azərbaycan qrupları tərəfindən səsləndirilən fikirlər, aparılan təbliğat bunun əksini sübuta yetirir. Əgər İranın bu təlimləri Gorus-Qafan yolunda baş verənlərə emosional reaksiyadırsa, o zaman belə anlaşılır ki, indiyə kimi qanunsuz yük daşımaları məhz Tehranın tapşırığı və istəyi ilə həyata keçirilib. Nəzərə alaq ki, İran Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində bircə dəfə də olsun, Ermənistana qarşı təzyiq xarakterli addım atmayıb. Əksinə, bu ölkənin mümkün qədər daha çox dirəniş göstərməsinə, Azərbaycanın isə bir dövlət kimi zəifləməsinə səy göstərib. Əksər hallarda ölkəmizə qarşı nümayiş etdirilən qəzəbin əsasında da bu “iqtidarsızlıq” dayanır.
İranın rəsmi Bakıya qarşı sərgilədiyi münasibəti “Şərq”ə dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, molla rejimi elə əvvəldən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Partiya rəhbəri qeyd edib ki, Tehran hökuməti hər vasitə ilə Ermənistana dəstək verib, yardım göstərib:
“İran 44 günlük Vətən müharibəsi dövründə açıq-aşkar şəkildə Ermənistanın yanında durdu. Müharibədən sonrakı müddətdə də hər vasitə ilə ermənilərə yardımı davam etdirdi. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş sərgilədi. Ancaq rəsmi Bakının və ölkə ictimaiyyətinin haqlı etirazı və qərarlı addımları ilə üzləşdi. İndi də Arazın o tayında hərbi təlim keçirərək ölkəmizə təzyiq göstərməyə çalışır. Azərbaycanın Türkiyə və Pakitanla birgə hərbi təlim keçirməsi İran molla rejimini qıcıqlandırır”.
E.Musayev vurğulayıb ki, İranın Azərbaycana yönəlik səhv siyasəti onu təcrid vəziyyətinə salır:
“İran bu cür təxribatçı davranışı ilə heç nəyə nail ola bilməyəcək. Nə qədər ki, molla rejimi hakimiyyətdədir, İranın ölkəmizə münasibətinin dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Amma dünya dəyişir, İran da zamanla dəyişməyə məcbur qalacaq. İranda yaşayan soydaşlarımız da molla rejiminin zülmündən xilas olacaqlar”.
İsmayıl Qocayev