Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışı zamanı Qarabağ məsələsinə də toxunub. O, Azərbaycanın müdafiə hüququndan istifadə edərək işğala son qoyduğunu bildirib. “Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. İndi Qafqazda davamlı sülh adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, - deyə dövlət başçısı bəyan edib.
Millət vəkili, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev “Sherg.az”a açıqlamasında Türkiyə Prezidentinin sözügedən bəyanatının əhəmiyyətini yüksək qiymətləndirib:
“Azərbaycanın haqq işinin BMT tribunasından dünya ölkələrinin nəzərinə çatdırılması mühüm hadisədir. Bu, rəsmi Bakının haqlı olduğunu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixdə qalmasını sübut etməkdir. Odur ki, Ərdoğanın açıqlaması əsl qardaşlıq jesti kimi qiymətləndirilməlidir. İkinci bir tərəfdən, Ərdoğanın dedikləri həm də erməniləri dəstəkləyənlərə mesajdır. İsmarış o deməkdir ki, Ərdoğan Azərbaycanın, Prezident İlham Əliyev isə Türkiyənin haqq işini dətəkləməyə daim hazırdır”.
Kənan Novruzov