Son vaxtlar cənub qonşumuz İranın təlaşı aydın hiss olunmaqdadır. Əvvəlcə hərbi təlimlər keçirərək “əzələ nümayişi” elədilər. Sonra isə İran dini lideri Seyid Əli Xameyninin nümayəndəsi, Ərdəbil şəhərinin imam-cüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələdi. Onun “Şirin quyruğu ilə oynamayın” bəyanatı ciddi qınağa səbəb oldu.
Maraqlıdır, rəsmi Tehran niyə belə əl-ayağa düşüb? Nədən narahatdır?
Bu barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokrat İslahatlar Partiyasının sədri Asim Mollazadə cənub qonşumuzun hazırkı ritorikasının gözlənilən olduğunu söylədi:
“Ermənistan- İran əməkdaşlığı bütün dünyaya məlumdur. Müharibə dövründə Tehran İrəvanı ərzaqla, silahla təmin edib. Odur ki, indiki davranışlar da təsadüfi deyil. Amma İranın addımları İslam dəyərlərinə, qonşuluq münasibətlərinə ziddir. Və bunlar müsəlman dünyasında mənfi qəbul olunur”.