Ermənistanla bərabər Fransa da məğlub oldu
Fransa Prezidenti Emmanuel Makron ermənilərin məğlubiyyətini qəbul edə bilmir”. Bunu “Şərq”ə millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Makron “Qarabağ münaqişəsini” ortaya ataraq ATƏT-in Minsk qrupunu yenidən canlandırmaq istəyir: “Həmsədr ölkələrin ermənipərəst, birtərəfli və ədalətsiz siyasəti Qarabağ münaqişəsinin 30 il davam etməsinə yol açdı. Bu illər ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasını dəstəklədi və bütün danışıqlar prosesində iştirak etdi.
Ancaq Ermənistan münaqişənin danışıqlar yolu ilə həll olunmasına imkan vermədi. Minsk qrupunun həmsədr ölkələri isə Ermənistana dayaq durdu. Nəticədə ermənilər ruhlandı, danışıqlar prosesindən tamamilə çıxaraq yeni müharibə ritorikası ilə danışmağa başladılar. Ermənistan-Azərbaycan sərhədində, Qarabağda təxribatlar törədilməsini intensivləşdirdilər. Dövlət başçısı vəziyyəti yaxşı görür, ölkəmizin hərbi potensialını artırır, ali tribunalardan xalqımızın erməni işğalı ilə barışmayacağını bəyan edirdi. Prezident açıq şəkildə deyirdi ki, danışıqlar yolu ilə torpaqlarımızın erməni işğalına son qoyulmazsa, müharibə yolu ilə beynəlxalq səviyyədə tanınmış ərazi büttövlüyümüzü təmin edəcəyik. Nəhayət, 27 sentyabrda ermənilərin törətdiyi təxribata cavabımız çox sərt oldu. 44 günlük Vətən müharibəsi ilə “məğlubedilməz erməni ordusu” darmadağın edildi və ərazi bütövlüyümüz bərpa olundu. Ölkə rəhbəri birmənalı şəkildə münaqişənin bitdiyini açıqladı. 10 noyabrda imzalanmış üçtərəfli bəyanat da müharibənin bitməsi deməkdir”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbəsini qəbul etməyən ölkələr var:
“Belə ölkələrdən biri Fransadır. 44 günlük müharibə dövründə açıq-aşkar canfəşanlıq edən, ermənilərə dəstək verən, müharibənin dayandırılmasını tələb edən Makron idi. Makronun indiki bəyanatları da qəbuledilməzdir və bunu Azərbaycanın daxili işinə qarışması sayıram. Azərbaycan elə Fransanın da tanıdığı sərhədləri daxilində təhlükəsizliyini təmin edib. Əgər Makron ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, ermənilərin Qarabağdan dəfələrlə çox yaşadığı Marsel şəhərini erməni dövləti elan etsin. Azərbaycanın hər bir xarici təzyiqə və müdaxiləyə cavab verməyə gücü var. Təhlükəsizliyimizin qarantı qardaş Türkiyədir. 15 iyunda imzalanmış Şuşa Bəyannaməsi bizim müttəfiqliyimizi daha da möhkəmləndirib. Yanımızda dost Pakistan da var. Azərbaycan-Türkiyə-Pakistan üçlüyü dünya səviyyəsində böyük gücdür və heç bir ölkə bu gücün qarşısında Azərbaycanla diktə ritorikası ilə danışa bilməz”.
İsmayıl Qocayev