Üçtərəfli görüş!- “İran maşınlarının Qarabağa girişinə qadağa qoyulsun”

Nyu Yorkda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında görüş olub. Bu məlumatı “Tasnim” agentliyi yayıb. Məlumata görə, tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə XİN liderlərinin görüşünün keçirilməsi barədə razılaşıblar. İranlı nazir regionda yeni hadisələrin baş verdiyini və buna görə də ölkələr arasında nizamlı konsultasiyalara ehtiyac olduğunu deyib.

Nazirlər arasındakı görüş barədə proqnozlarını “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, bu, cənub qonşumuzun təşəbbüsüdür: 

“Görüşün Tehranda keçiriləcəyini nəzərə alsaq, belə qənaətə gəlmək olar. Türkiyə Azərbaycanla İran arasındakı gərginlikdən narahatdır. Və bunun səbəbkarı biz yox, cənub qonşumuzdur. 

Azərbaycan gərginlikdə maraqlı deyil. Lakin rəsmi Bakı milli və təhlükəsizlik maraqları naminə istədiyi addımı atacaq. Biz İran yüklərinin qanunsuz olaraq Qarabağa daşınmasına imkan verə bilmərik. 

Əlbəttə, üçtərəfli görüşün keçirilməsi müsbət təşəbbüsdür. Yaxşı olar ki, görüşədək İran maşınlarının Qarabağa daxil olmasına qadağa qoyulsun. Əlbəttə, görüş sualların sayını azaltmayacaq. 

Sadəcə gərginlik idarəolunan səviyyədə qalacaq. Tehranın təxribatları, qıcıqlandırıcı mesajları isə yaxşı nəsə vəd etmir”.

Kənan Novruzov