“Zaxarova Türkiyəni hədələyir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

C.Bayramovun görüş zamanı mühüm bəyanatla çıxış etdiyini vurğulayan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a söyləyib ki, XİN başçısı Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına hazır olduğunu qeyd edib:

“Məlumdur ki, təkcə Ermənistanla deyil, eyni zamanda İran və Rusiya ilə bağlı bəzi xoşagəlməz durumlar yaşanır. Çünki Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq Türkiyəni hədələyir. Türkiyəyə qarşı atılan addımlar isə Azərbaycana qarşıdır. Ona görə də artıq Rusiya ilə də xarici siyasət sahəsində müəyyən problemlərimiz yaranıb. Bütün bunların fonunda nazirimizin belə bəyanat səsləndirməsi Azərbaycanın sülhpərvər siyasət yürütməsinə dəlalət edir. Belə bəyanatın verilməsinin özü çox ağıllı və diplomatik bir gedişdir”.

 Yeganə Bayramova