Bir neçə gün əvvəl BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ukrayna və Türkiyə Prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Bu barədə məlumatı Vladimir Zelenski öz rəsmi tvitter hesabında yazıb. “Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı sərbəst ticarət sahəsindən tutmuş hərbi-texniki sahədə əməkdaşlığa qədər Ukrayna-Türkiyə əməkdaşlığının bütün spektrini müzakirə etdik. Əlaqələrimiz daha konkret hal alır və praktiki layihələrlə zənginləşir”, - deyə Zelenski qeyd edib.
Ayın 29-da Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüşün keçiriləcəyi müxtəlif sualalrı gündəmə gətirir. Onlardan ən başlıcası isə Krımın taleyi ilə bağlıdır.
Məsələ barədə “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə yarımadaya dair yeniliyin olmayacağını nəzərə çatdırdı:
“Liderlər görüş zamanı bir çox regional məsələlər kimi Krımı da müzakirə edəcəklər. Amma bu, epizodik olacaq. Və fikir mübadiləsi məsələnin həllinə gətirib çıxarmayacaq. Türkiyə Krım məsələsinin Rusiya üçün bitdiyini yaxşı başa düşür. Yalnız Krımətrafı ərazilərin taleyi haqqında danışıla bilər”.
Kənan Novruzov