Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G-20-lərin sammitindən qayıdan zaman jurnalistlərin sualını cavablandırıb. O Fransa Prezidenti Emmanuel Makronla görüşlərindın danışıb. R.T.Ərdoğan qeyd edib ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətirib:
“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Nikol Paşinyanla görüşü də olub. Bu görüşdə bölgədə "altılıq" formatında əməkdaşlıq platformasının yaradılması məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim istəyimiz odur ki, bu baş versin. Əgər bu reallaşarsa, effektiv olacaq”.
Türkiyə liderinin "Altılıq platforması”nı davamlı olaraq gündəmə gətirməsindəki əsas məqsədini "Sherg.az"a şərh edən politoloq İlqar Vəlizadə vurğulayıb ki, hədəf bu platforma haqqında daha geniş informasiya yaymaq, digər "oyunçular"ı məsələyə cəlb etməkdən ibarətdir:
"R.T.Ərdoğanın həmkarı E.Makronla danışıqları plaftormanın yaradılması üçün əsaslı xarakter daşıyır. Türkiyə "Altılıq platforması”nda aktiv rol alacaq. Türkiyə istəyir ki, region təmsilçiləri və regiondan kənar olan qüvvələr platformaya dəstək versinlər. Fransanın həm Ermənistan, həm də Gürcüstanla sıx əlaqələrinin olması heç kəsə sirr deyil. Platformanın yaranması müəyyən dərəcədə Fransanın da xeyrinə ola bilər. Mövcud olan yol infrastrukturunun, nəqliyyat kommunikasiyalarının açılması iqtisadi canlanmaya təkan verə bilər. Bu da təkcə region oyunçularının deyil, qeyri-regional oyunçuların, o cümlədən Fransanın da xeyrinədir".