Rusiya, Türkiyə, İran rəsmiləri görüşəcəklər: Qarabağdan danışılacaq?!

Suriya üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Qazaxıstanın xarici işlər nazirinin sözlərinə görə, qarant ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar:

“Bizə qarant ölkələrdən (Rusiya, Türkiyə, İran - red.) Astana prosesinin növbəti danışıqlarının təşkili ilə bağlı müraciət daxil olub, hazırda biz dəqiq tarixi razılaşdırırıq. Bu danışıqlar haradasa dekabr ayının ortalarında baş tutacaq”. 

Rusiya, İran və Türkiyə bir araya toplaşacaq. Maraqlıdır, görüşdə Qarabağ məsələsinə toxunulacaqmı?

Sualımızı cavablandıran beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Qazaxıstan Asiya üzrə dünyanın bitərəf ölkələrindən hesab edilir:

"Əsas məsələ beynəlxalq güc mərkəzlərinin mövqelərinin toqquşmadığı məkan nəzərə alınmalıdır. Bu baxımdan Qazaxıstan əlverişli  ölkə sayılır. Astana görüşləri bir sıra problemlərin müzakirə edildiyi mərkəzlərdəndir. Düşünmürəm ki, Nur-Sultan şəhərində Qarabağ məsələsinə toxunulacaq. Çünki Qarabağa dair mərkəzi görüşlər fərqli məkanlarda - Ankara, Soçi, Moskva, Bakı kimi şəhərlərdə keçirilir. Ümumilikdə Şərq ölkələrinə yönəlik siyasi proseslər, münaqişənin həll olunması istiqamətində addımlar atılması birmənalı şəkildə Qərbdən Şərqə doğru irəliləməkdədir. Bu görüşdə Qarabağa aid məsələlərdən danışılmayacaq".