“Rəsmi Moskva müharibənin nəticələrinə uyğun olaraq Ermənistanın Azərbaycanın sərhədlərini tanıdığını təsdiq etmir”
“Və münaqişənin tamamilə bitməsində, regionda normal sivil münasibətlərin qurulmasında maraqlı deyil”
“Kremlin əsas siyasəti prosesin ləngiməsinə və baş tutmamasına yönəlib"
“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağa dair yeni üçtərəfli sənədlərin imzalanması ilə bağlı hər hansı bir məlumata malik deyil”. Bunu nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
O, bölgədəki atəşkəs və hərbi əməliyyatların dayandırılması rejiminə bütövlükdə riayət edildiyini bildirib. Həmçinin, Zaxarova ötən bir il ərzində bölgədə vəziyyətin sabitləşdiyini də vurğulayıb.
Moskva rəsmisinin fikirlərini şərh edən politoloq Həsrət Rüstəmov “Sherg.az”a bildirib ki, Rusiya regionda uzunmüddətli sabitliyin yaranmasını istəmir:
"Qafqazda Qarabağ münaqişəsini yaradıb, erməniləri Azərbaycanın üzərinə qaldırmışdılar, indi də o prosesi davam etdirirlər. Eynilə keçmiş SSR-nin digər regionlarında məhəlli münaqişələr yaratmışdılar.
Həmin problemlərin həll olunmasına mane olan başlıca amil Rusiyanın varlığıdır. İndiki halda da Rusiyanın məqsədi Azərbaycanın uğurlu qələbələsindən sonra qarşıdurmaları hansısa formada qoruyub saxlamaqdır. Rəsmi Moskva müharibənin nəticələrinə uyğun olaraq Ermənistanın Azərbaycanın sərhədlərini tanıdığını təsdiq etmir.
Və münaqişənin tamamilə bitməsində, regionda normal sivil münasibətlərin qurulmasında maraqlı deyil. Kremlin əsas siyasəti prosesin ləngiməsinə və baş tutmamasına yönəlib".