Bu gün Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilib. Belə ki, iştirakçılar keçmiş Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb ediblər. Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib. Nəticədə bir neçə iştirakçı saxlanılıb və patrul polisi maşınları ilə ərazidən uzaqlaşdırılıb.
Oxşar tələbli aksiyalar Gürcüstanın Ədliyyə və Səhiyyə Nazirliklərinin qarşısında da təşkil olunub. Polis əməkdaşları canlı sədd yaradaraq binalara girişləri bağlayıblar.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Özünü siyasi məhbus hesab edən sabiq dövlət başçısı azad edilməsi tələbi ilə artıq günlərdir aclıq aksiyası keçirir.
Gürcüstandakı vəziyyətlə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Rusif Məmmədsoy deyib ki, bu ölkədə böyük bir kütlə günlərdir, proseslərdə yaxından iştirak edir:
"İnsanlar aksiyalar keçirir və nəticə etibarilə Mixeil Saakaşvilinin azad olunmasını tələb edirlər. Lakin Gürcüstan hökuməti hər vəchlə bunun qarşısını almağa çalışır. M.Saakaşvili aclıq aksiyasına başlayıb və bu da insanları çox narahat edir. İstənilən halda biz də Saakaşvilinin yaxın zamanda azad olunmasını arzu edirik. Bu proseslər hələ də davam edəcək. Gürcüstan hökuməti insanların reaksiyasını mütləq nəzərə almalıdır".