Hazırda işğalçı Ermənistanda daxili vəziyyət olduqca gərgindir. Durumu tənzimləmək məqsədilə hakimiyyət eşalonunda ciddi kadr və struktur dəyişiklikləri edilir. Amma yenə də müsbət bir nəticə hasil olmur. Səbəb aydındır: 44 günlük müharibə. Bu savaşda qüdrətli Azərbaycan ordusu işğalçıya elə sarsıdıcı zərbələr enidirib ki, Ermənistanın az qala bütün sektorları iflic hala düşüb. Axı müharibə həm də iqtisadi güc və qüdrətə söykənilərək aparılır. Müharibədən əvvəlki iqtisadi vəziyyəti onsuzda dözülməz olan işğalçı Ermənistan hazırda iqtisadi, siyasi və sosial kollaps dövrünü yaşayır.
Belə olan məqamda kadrları yeniləməklə nəticə dəyişməyəcək. Məsələn, elə bu gün Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib. Qeyd olunur ki, Arşak Karapetyan vəzifəsindən azad olunub və onun yerinə baş nazirin müavini Suren Papikyan təyin olunub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan jurnalist, siyasi şərhçi Aqşin Kərimov deyib ki, müharibədən sonra Ermənistanda ard-arda istefalar baş verib:
"Ermənistanın sabiq XİN rəhbəri Ara Ayvazyan Azərbaycana qarşı ritorikalarda revanşizmə əsaslandı, işdən çıxarıldı. Bu ilin avqust ayında onun vəzifəsini icra etmək üçün Ararat Mirzoyan təyin edildi. Keçmiş müdafiə naziri David Tonoyan müharibədən sonra, 2020-ci ilin noyabrın 20-də işdən çıxarıldı, Vaqarşak Arutyunyana vəzifə verildi. Uğurlu olmadığına görə, 2021-ci ilin iyulunda o da işdən azad olundu, əvəzinə isə Arşak Karapetyan gətirildi. Arşak Karapetyan sərhəddə Azərbaycan əsgərinə “harada gördünüz atəş açın” əmrini vermişdi, ümumiyyətlə onun nazirliyi dövründə sərhəddə insidentlər çox oldu. Artıq Karapetyan da işdən qovuldu, bəli, qovuldu. Çünki onun davranışları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirən faktora çevrilmişdi".
A.Kərimov bildirib ki, Arşak Karapetyanın yerinə baş nazirin müavini təyin olunan Suren Papikyan hərbçi deyil, mülki şəxsdir:
"Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin normallaşmasının qarşısını alıb prosesə revanşist duyğular qarışdıranlar daha çox orduda kök atıb.
Onların zərərsizləşdirilməsi Azərbaycanın xeyrinə işləyir. Bir az da dəqiq ifadə etsək, lazım olan kommunikasiyanın yaradılmasını ağrısız proses halına gətirir.
Görünür ki, Karapetyanın işdən çıxarılmasına Azərbaycan tərəfinin diktələri səbəb olub”.