“Zəngəzur dəhlizinin açılması bədxah qüvvələri qorxudur”



“Dəhlizin istifadəyə verilməsinə problem yaradan Ermənistan və onun arxasında dayanan qüvvələrdir”

“Onların "zəhmətləri" əbəsdir. Əsas güc mərkəzləri olan Azərbaycan, tərəfdaşımız Türkiyə, həmçinin qonşu Rusiya prosesə razılıq veriblər”

“Tərəflər məsələni məntiqi sonluğa çatdırmaq üçün çalışırlar və çalışacaqlar"



Azərbaycanın siyasi gündəliyinin əsas mövzularından biri Zəngəzur dəhlizidir. Azərbaycan və Türkiyə rəsmiləri demək olar ki, bütün çıxışlarında Zəngəzur dəhlizinin açılması məsələsinə toxunur, müxtəlif siqnallar ötürürlər. Dövlət başçısı İlham Əliyev  Ermənistanın 10 noyabr bəyanatına əməl etməyinin vacibliyini həmişə xatırladır. Prezident çıxışlarında qəti şəkildə Ermənistan istəsə də, istəməsə də,  Zəngəzur dəhlizinin açılacağını bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı bəyan edib ki, “Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir:
“Bu gün bu layihənin həyata keçirilməsi ilə bağlı fəal işlər gedir”.


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, Zəngəzur dəhlizi bütün türk dünyasına öz töhfəsini verəcək. Nazir qeyd edib ki, türkdilli ölkələrin iqtisadiyyatını bir-birinə bağlaya bilmək üçün logistika sahəsində əməkdaşlıq gücləndirilməlidir:

"Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Zəngəzur dəhlizi ilə daha da güclənəcək. Bu dəhliz bütün türk dünyasının rifahına öz töhfəsini verəcək. Bu töhfədən faydalanmaq üçün Türk Şurası ölkələri arasında ticarəti daha sərbəst hala gətirməliyik".



Qeyd edək ki, Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.

Qarabağ işğal olunmazdan əvvəl bu dəhliz istifadə edilib, amma işğaldan sonra Naxçıvanla quru əlaqəsi, yalnız İran ərazisindən keçməklə mümkün olub.

Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışan politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, bunun beynəlxalq əhəmiyyəti var: 

 "Uzaqda yerləşən bölgələr üçün belə potensial imtiyazlar yaranacaq. İndiki məqamda Avropada birləşən güc mərkəzləri Şərqə doğru hərəkətə başlayıblar. Bu istiqamətdə başqa güc mərkəzləri yaranır. İnsanlar təzə işlər qururlar, onu dünya bazarına çıxarırlar. Ona görə  yeni kommunikasiyaların fəaliyyətinə ehtiyac var.  Qitələr arası daşımalarda Şərq -Qərb nəqliyyat dəhlizi var. Çoxşaxəli,  rektifikasiya olması  son dərəcə vacibdir. Yeni nəsillərin inkişafı, istehsal olunan məhsulların həcminin böyüməsi və s. gələcəyin tələbləri ilə hesablaşmağa vadar edir. Bu səbəbə görə  Zəngəzur dəhlizi  Asiya ilə Avropa arasında fəaliyyət göstərəcək dəhlizdir".

Analitikin sözlərinə görə, Zəngəzur dəhlizi istifadəyə verilməsi bədxah qüvvələri qorxudur, sağlam gücləri isə sevindirir:

"Bölgədəki ölkələrin, eyni zamanda Çin, İndoneziya, Pakistan, Malayziya , Yaxın Şərqdə yerləşən əsasən ərəb ölkələri başa düşür ki, daşımaların artdığı dönəmdə dəhlizlərin maneəsiz işlək vəziyyətdə olması vacib əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması gələcəyə hədəflənmiş ideyadır. Problem yaradan Ermənistan və onun arxasında dayanan qüvvələrdir.  Onların "zəhmətləri" əbəsdir. Əsas güc mərkəzləri olan Azərbaycan, tərəfdaşımız Türkiyə, həmçinin qonşu Rusiya prosesə razılıq veriblər. Tərəflər məsələni məntiqi sonluğa çatdırmaq üçün çalışırlar və çalışacaqlar".