“Kreml gah nala vurur, gah da mıxa”

Təxminən 30 il müddətində Qarabağ məsələsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu heç bir effektiv addım atmayıb. Ümumiyyətlə, Minsk qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan konfliktini nizama salmaq və Dağlıq Qarabağ problemini dinc vasitələrlə həll etmək üçün müvafiq sənəd hazırlamaq, xüsusi Minsk konfransı çağırmaqla bu konflikti birdəfəlik aradan qaldırmaq idi. Lakin sözügedən təşkilat öz missiyasının öhdəsindən gələ bilmədi, bəlkə də gəlmədi. 

Buna rəğmən Azərbaycan 44 günlük Vətən savaşında Minsk qrupu, eləcə də BMT nizamnaməsinin şərtlərini icra edərək beynəlxalq hüquq və ədaləti bərpa etdi. 

Yəni Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu mənada Minsk qrupu avtomatik “ofsayt”da qaldı. Bir sözlə, Minsk qrupunun fəaliyyəti Qarabağ müharibəsi ilə bərabər bitdi. Buna baxmayaraq bəzi qüvvələr adıçəkilən təşkilata yenidən “nəfəs vermək” istəyirlər.
 Amma... Gəlin, “amma”nın davamını sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlidən soruşaq. 


Ekspert “Sherg.az”a açıqlamasında söylədi ki, ATƏT-in Minsk qrupu yararsız olduğunu göstərib:

"Tərəflərdən biri  işğalçı, digəri isə işğala məruz qalan idi. Minsk qrupunun işğalçını öz adı ilə adlandırmağa cəsarəti çatmadı. ATƏT-in Minsk qrupu həmsədrlərinin yenidən canlanmaları Amerika və Fransanın proseslərə müdaxiləsi ilə əlaqədardır. 

Həmsədrlərdən biri olan Rusiya  məsələnin həllində iştirak edir, buranı özünün "arxa bağça"sı hesab edir. 

Rusiya prezident Vladimir  Putin forumda dedi ki, problemləri ikinci tərəfin iştirakı olmadan Moskvanın vasitəçiliyi ilə həll edəcəyik. Kreml gah nala vurur, gah da mıxa. Minsk qrupunun  məqsədi  Qarabağın dağlıq hissəsində yaşayan separatçıların “status” məsələsinin  həll etməkdir. Azərbaycanın maraqlarının əleyhinə hərəkət etmək xristian dünyasının manevridir. İlk növbədə Amerika ilə Fransanın niyyətidir. 

İndiyədək Minsk qrupu sülhyaratma işinə töhfə verə bilməyiblər. Ona görə də Azərbaycan bunu qətiyyətlə qəbul etmir".