Paşinyan 10 noyabr razılaşmasına əməl etməzsə... – AKTUAL ŞƏRH

“...Toqquşmalar olarsa, Ermənistan cəmiyyəti baş nazirə qarşı üsyana qalxa bilər. Həmin təqdirdə hakimiyyətdən gedə bilər"


İkinci Qarabağ savaşından sonra Ermənistan daxilində vəziyyət gərgin olaraq qalır. Az qala bütün sektorları iflic halda olan  rəsmi İrəvanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan bloku” baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.
Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır:

“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”.


Məlum çağırışdan sonra Paşinyanın hakimiyyətdən gecəcəyinə dair fikirlər səslənir. 
Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az”a deyib ki, Paşinyan hakimiyyətdə qalacaq:

"Köçəryan son döyüşlərdən sonra xalqa çağırış edib. Paşinyan siyasəti davam etdirəcək. Müxalifətə meydana gəlib hakimiyyətə çıxmasına imkan verməyəcək. Rusiya müxalifəti dəstəkləyir, Köçəryana  "stavka" edir. 

Amma N.Paşinyan orduda təmizləmələr aparır. Ümumiyyətlə, bütün dövlət strukturlarına öz adamlarını yerləşdirir. Ona görə də, N.Paşinyanın  devrilməsi mümkün deyil. 

Əgər o Azərbaycanla 10 noyabr razılaşmalarını həyata keçirməzsə, toqquşmalar olarsa, əlbəttə ki,  Ermənistan cəmiyyəti Paşinyana qarşı üsyana qalxa bilər. Həmin təqdirdə hakimiyyətdən gedə bilər".