“Rəsmi Moskva Ermənistanı məsələnin həllinə məcbur edə bilər”
“Sadəcə Rusiya işlərin surətlənməsində və münaqişə ocağının sönməsində maraqlı deyil"
"Təsəvvür edin, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalayıb. Bundan sonrası Kremlin "sülhməramlı" kontengenti altında Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda nə işi olacaq?”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan arasındakı sərhəddəki gərginliklə bağlı açıqlama yayıb.
O, bildirib ki, Rusiya tərəfləri təmkinli olmağa çağırır. D.Peskovun sözlərinə görə, rəsmi Moskva üçtərəfli razılaşmaların icrasının tərəfdardır:
“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələni yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə həll etmək mümkündür”.
D.Peskov Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.
D.Peskovun açıqlamasını "Sherg.az"a şərh edən analitik Rusif Məmmədsoy qeyd edib ki, təxribatların arxasında bilavasitə rəsmi Moskvanın dayandığı danılmazdır:
"Rusiya tərəfi "maraqlı" açıqlamalar verir. Dünən M.Zaxarova deyir, sərhədlərin delimitasiya və demarkasiya prosesi mütləq şəkildə surətlənməlidir. Bu zaman sual yaranır. Bəs sərhəddəki təxribatları kim törədir? Radikal qüvvələr hansı mərkəzdən idarə olunur? Köçəryan və digərləri Rusiyanın maşasıdır. D.Peskovun açıqlamaları bizim üçün sürpriz deyil. Rusiya prezidenti V.Putin Ermənistanın vəzifəsi kommunikasiyaları açmaq olduğunu vurğulayır. Rəsmi Moskva Ermənistanı məsələnin həllinə məcbur edə bilər. Sadəcə Rusiya işlərin surətlənməsində və münaqişə ocağının sönməsində maraqlı deyil".
Siyasi şərhçi diqqətə çatdırıb ki, problemlərin tezliklə həll edilməsində Kreml maraqlı deyil:
"Təsəvvür edin, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalayıb. Bundan sonrası Kremlin "sülhməramlı" kontengenti altında Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda nə işi olacaq? Proses irəliləyəndə Ermənistan iqtisadi cəhətdən inkişaf edəcək, Rusiya və digər ölkələrdən asılılığı azalacaq. Bu da rəsmi Moskvanın regiondakı maraqlarına uyğun deyil. Lakin qəbul etməliyik ki, Kreml kommunikasiyaların açılmasını istəyir. Çünki Zəngəzur dəhlizi və digər nəqliyyat yolları yükdaşımalarda, logistik məsələlərdə vacib əhəmiyyətə malikdir. 10 noyabr bəyannaməsinin 6-cı bəndində belə bir müddəa var: Laçın koridoruna alternativ olaraq dəhliz qurulmalı və 3 il ərzində inşa edilməlidir. Artıq 1 il gedib. Heç bir şəkildə prosesi surətləndirib, Laçın dəhlizini nəzarətə götürə bilmirik. Bu dəhliz vasitəsilə ilə humanitar yardımlar aparılmalı, bəyannamənin 4-cü bəndinə uyğun olaraq terrorçu ermənilər Qarabağı tərk etməli idilər, lakin yerinə yetirilməyib.
Rusiya öhdəliyinə götürdüyü vəzifələri reallaşdırmayıb. Sadəcə Ağdam və digər ərazilərin sülh ilə azad olunmasında iştirak edib. Rəsmi Moskva öhdəliklərini gerçəkləşdirmədiyi üçün biz Xankəndinə hələ daxil ola bilməmişik. Yoxsa, qısa müddətdə suvenerliyimizi bərpa edə bilərik".
R.Məmmədsoy sonda Ermənistanın daxilindəki vəziyyətdən danışıb:
"Ermənistanın respublika meydanında "rədd ol, Rusiya" şüarı altında etiraz aksiyası keçirildi. Ermənistan cəmiyyəti yaxşı başa düşür ki, rusların vasitəçiliyi ilə hər hansı sülhdən söhbət gedə bilməz. Çünki yenə itkiləri, əsir düşənləri var. Əsgərlərini "gorbagor" etmişik. N.Paşinyanın təxribatlarda maraqlı olduğunu düşünmürəm. Onun ən həssas yeri əsirlərlə bağlıdır. Radikal müxalifət hərbi əsirlərin Azərbaycan tərəfində olmasından istifadə edirdi. Bütün əsirləri təhvil vermişik, qalanlar isə anlaşmadan sonra ərazilərimizə daxil olan terrorçu dəstələrdir. D.Peskov, eyni zamanda V.Putinin açıqlamaları meydanda öz əksini tapmayıb. Azərbaycan məqsədinə yaxınlaşdıqca, təxribatlar davam edəcək".