Gürcüstanın vasitəçiliyi effektsizdir: “Masada Türkiyə, Rusiya kimi güclər var”



17 noyabr 2021-ci ildə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları - Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
Görüşlər "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Brüssel toplantısı çərçivəsində baş tutub. Müzakirələr zamanı bölgədəki vəziyyət nəzərdən keçirilib.
D.Zalkaliani regionda sabitlik və sülhün gücləndirilməsinin və iki ölkə arasında gərginliyin deeskalasiyasının əhəmiyyətini vurğulayıb.

XİN başçısı bildirib ki, Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin möhkəmləndirilməsi prosesinə töhfə vermək üçün səylər göstərməyə hazırdır.

Tərəflərin görüşünü "Sherg.az"a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov deyib ki,  Gürcüstan daim  proseslərdə iştirak etməyə cəhd göstərib:

"1990-cı illərdən bugünədək  rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında dəfələrlə vasitəçilik missiyasını öz üzərinə götürməyə səy göstərib. İkinci Qarabağ müharibəsində də Gürcüstan siyasi rəhbərliyi vasitəçilik təşəbbüsünü ortaya qoydu”.  

Mütəxəssis hesab edir ki, münaqişənin həll edilməsi rəsmi Tiflisə müsbət təsir göstərəcək:

" "Vətən" müharibəsində  qonşu ölkədə ermənilər  ayağa qalxmışdı. Gürcüstandanın daxili təhlükəsizliyinin təmin olunması, eyni zamanda Azərbaycan Ermənistan münaqişəsi arasında qalmamaq baxımından  məsələnin sülh yolu ilə həlli qonşu ölkəyə divident qazandırır. Həmçinun iqtisadi  maraqları qeyd etmək lazımdır. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Gürcüstanın faydalana biləcəyi, tərəfləri birləşdirəcək kommunikasiya xəttləri açıla bilər. Lakin rəsmi Tiflisin iqtisadi cəhətdən uduzmaq ehtimalı da var. Zəngəzur dəhlizinin açılması Azərbaycana Türkiyəyə çıxmaq üçün alternativ yol yaradır. Bu da onların əleyhinə ola bilər".

S.Zahidov  Gürcüstan tərəfinin cəhdlərinin simvolik xarakter daşıdığını vurğulayıb:

" Hər iki dövlətlə dostluq münasibətləri içərisindədir. Münaqişədə vasitəçi kimi iştirak etməyi özünün "mənəvi borcu" hesab edir. Amma Gürcüstan bir o qədər də nüfuzli dövlət deyil. Ona görə münasibətlərin normallaşmasında rəsmi Tiflis əhəmiyyətli rol oynaya bilməz. Çünki masada Türkiyə, Rusiya kimi böyük güclər əyləşib".

Ekspert sonda qeyd edib ki, rəsmi Tiflis Gürcüstan "Altılıq platforması”ndan boyun qaçırır:

“Bu Gürcüstanın dövlətin Rusiya ilə mənfi münasibətlərindən irəli gəlir”.