İran və Azərbaycan liderlərinin görüşü:“Bu, yeni imkanlar qazandıracaq”




İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də  mətbuat konfransı keçirib. S.Xətibzadə konfransda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər. 

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.

İran və Azərbaycan liderlərinin görüş ehtimalını "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan açıqlamasında bildirib ki,prezidentlərin görüşləri həmişə tərəflər üçün xoş hadisə olub:

"Bu, əməkdaşlıqda yeni imkanlar qazandırır. İranın Azərbaycanla bağlı iddialarından sonra   belə görüşün keçirilməsi yaxşı addım sayıla bilər. Dünən Azərbaycan baş naziri Şahin Mustafayevin Tehrana səfəri, İranla iqtisadi əlaqələrə dair bir sıra məsələləri müzakirə etməsi həmin məsələlərin prezidentlər tərəfindən dəyərləndirilməsinə imkan verir. Aşqabad sammitində yeni sənədin imzalanacağını güman etmirəm. Aşqabad toplantısında gələcəkdə tərəflər arasında görüşün keçirilməsi ilə bağlı razılıq əldə edilə bilər. İbrahim Rəisi İranın yeni prezidentidir. Azərbaycan prezidenti ilə baş tuta biləcək görüş tərəflər arasında ilk görüş olacaq. Dövlət rəhbərləri tanış olacaqlar, müəyyən məsələlərə münasibətlərini bildirəcəklər".