Ermənistanda anti-rus dalğası: 9 noyabr görüşü niyə boykot edildi? – Kremldən qəzəb!

Son zamanlar Ermənistanda anti-rus mövqeyi güclənib. Müharibədən sonra Rusiyanı ittiham edən, sonradan isə yenə Moskvaya, Vladimir Putinə sığınan ermənilərin dərdi yadlarına düşüb. Hələ noyabrın 7-də Kreml sözçüsü Dmitri Peskov videkonfrans formasında üçtərəfli görüşün baş tutacağının anonsunu versə də, bu görüş reallaşmadı. Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilirdi: sərhədlərin demarkasiyası və delimitasiyası və sülh müqaviləsinin imzalanması.
Ermənistan görüşə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina etdi. Paşinyan görüşdən imtina etməklə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət edib. Nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt durumda qoyub. Rusiya və Azərbaycan liderləri Vladimir Putin, İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın 26 noyabrda Soçidə üçtərəfli görüşün keçiriləcəyi barədə xəbər yayılıb. Lakin Ermənistan  Soçidə üçtərəfli görüşün keçirilməsini istəmir. Bu günlərdə isə əsas müzakirə mövzusu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan başçılarının görüşüylə bağlıdır.

Maraqlısı odur ki, Baş nazir N.Paşinyan Moskvaya görüşünə “yox”, Brüssel görüşünə isə "hə" deyib. Rusiyalı ekspertlər isə bunu N.Paşinyanın Rusiya deyil, Qərb orbitində yer alması kimi xarakterizə edir. Şübhəsiz ki, bu da rəsmi İrəvanla rəsmi Moskva arasındakı çatları daha da dərinləşdirir. 

Qeyd edək ki, Ermənistanın “Hrapark” qəzeti yazır ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Aleksandr Petrov bu günlərdə şəxsi söhbət əsnasında şikayət edib. Bildirib ki, Ermənistanın müdafiə naziri Karapetyan ilə görüşəndən 4 gün sonra onu işdən qovublar: “Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. Buna baxmayaraq, 

 Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik, xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o, gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?".

Mövzu ilə bağlı “Sherg.az”a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, demək olar, Brüssel görüşü əhəmiyyətini itirir:

“Rusiya noyabrın 26-sı üçün Soçidə üçtərəfli görüş təyin edib. Brüssel görüşü keçirilsə belə, formal xarakter daşıyacaq. Soçi toplantısında ciddi məsələlər – sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiyaların açılması müzakirə edilə bilər. Fikir ayrılıqları əsasən sərhədlərin müəyyənləşməsi ilə əlaqədar olacaq. Ermənilər qeyri-konstruktiv tələblər irəli sürür. Mövcud olmayan anklavlar haqqında danışırlar. 

Zəngəzur şosse yolunu çəkmək, gömrük xətti yaratmaq istəyirlər. Amma gömrük xəttini şosse yolunda tətbiq etmək olar. Necə ki, bu Qafan yolunda reallaşdırılır. Dəmiryolunda isə gömrük-yoxlama tədbirləri etmək olmaz. Çünki qatar ərazidən keçib birbaşa Naxçıvana gedəcək. Paşinyan məsələ ilə bağlı fikirlər söylədi. Ermənistan tərəddüdlə 9 noyabr görüşünü boykot etdi. Brüssel görüşünün təyin edilməsində əsas təşəbbüskarlardan biri oldu. Bununla da, Putinin qəzəbini qazandı”.

Ekspert sonda bildirib ki, Soçi görüşü baş tutmadığı təqdirdə Qərblə Rusiya arasında həlledici sınaqlar başlayacaq. Bu da sülh yaratma prosesinə ciddi əngəl ola bilər.