Abbas-Qantz görüşü: Təhlükəsizlik məsələləri müzakirə olunub

İsrailin müdafiə naziri Benni Qantz Fələstin prezidenti Mahmud Abbasla görüşünə reaksiya verənlərə “Müharibənin qarşısını almaq üçün dərin öhdəlik daşıyır” cavabını verib. O,  Abbasla görüşünə koalisiya hökumətindəki sağ partiyaların reaksiyalarından sonra "Twitter" hesabından açıqlama paylaşıb.

"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, İsrail naziri öz yazısında aşağıdakı bəyanatları səsləndirib:
"Yalnız qoşunların müharibəyə göndərilməsinə cavabdeh olanlar bilirlər ki, bunun qarşısını almaq nə qədər dərin bir öhdəlikdir. Mən həmişə belə çalışmışam və çalışacağam".

B.Gantz həmçinin bildirib ki, bu, işğal altındakı İordan çayının qərb sahilində təhlükəsizlik vəziyyətinin pozulmasının qarşısını alacaq.

Fələstin prezidenti M.Abbas dünən axşam saatlarında Təl-Əvivdə iqamətgahda İsrailin müdafiə naziri B.Qantzla görüşüb.
İsrail İctimai Yayım Təşkilatının (KAN) Fələstin mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, M.Abbas görüş zamanı İsrail ilə Fələstin rəhbərliyi arasındakı gərgin münasibətlərə baxmayaraq, israillilərə qarşı silahlı hücumlara və şiddətə icazə verməyəcəyini bildirib.

İsrail hökumətindən verilən açıqlamada Abbas-Qantz görüşündə təhlükəsizlik məsələlərinin müzakirə olunduğu, siyasi məsələlərə toxunulmadığı vurğulanıb. 

Qeyd edək ki, Fələstinlə İsrail arasında siyasi danışıqlar 2014-cü ildə İsrailin “İki dövlətli həll”i qəbul etməməsi səbəbindən dayandırılıb.

Cəmilə ƏZİM