Revanşistlərin müqaviməti tükənir

Artıq ölkənin baş naziri prezidentin istefasından sonra daha açıq danışmağa başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyanın istefasından bir neçə saat sonra terrorçu Araik Arutyunyanla görüşüb. Nikol Araiklə görüşündən sonra Rusiya sülhməramılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə və onların qondarma təsisatlarına 144 milyard dram (təxminən 510 milyon manat -red) vəsait ayırdığını açıqlayıb. Görüş haqqında əlavə məlumat verilməyib. Erməni mediası və müxalif partiyaların təmsilçilərinin qənaətinə görə, Araiklə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında Nikol Paşinyan bircə dəfə də olsun “öz müqəddəratını təyinetmə”, “müstəqilliyi tanıma” “hüququndan” danışmayıb. 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Nikol Paşinyanın əleyhinə aqressiv şəkildə təbliğat aparan resursların sayında azalma hiss olunur. Analitikə görə, revanşçıların müqaviməti tükənir və Nikol Paşinyan da hakimiyyətdə köhnə komandanın hakimiyyətdəki son təmsilçisi Armen Sarkisyanın istefasından sonra daha açıq danışmaq qərarına gəlib: 

“Nikolun son mesajlarında Türkiyə və Ermənistan diplomatlarının son təmasları da rol oynaya bilər. Bu məqam revanşçıların parlamentdəki təmsilçilərinin reaksiyalarından da hiss olunur. Onlar Paşinyanın Türkiyənin ərazi bütövlüyü ilə bağlı fikirlərinin həqiqətə uyğun olmadığını iddia edirlər. Sitat: “Paşinyan təsdiq edir ki, Ermənistanda hakimiyyətdə olan heç bir siyasi qüvvə Türkiyənin ərazi bütövlüyünü şübhə altına qoymayıb. Onun bu fikirlərini məlumatsızlığa, yaxud məsuliyyətsizliyə yozmaq olar. Yox əgər o, bu barədə məqsədyönlü şəkildə bəyanat veribsə, o zaman Nikol Paşinyanın fikirlərini erməni xalqına və dövlətinə qarşı atılmış addım kimi qiymətləndiririk. Bu isə vətənə xəyanətdir”. Erməni müxalifəti, o cümlədən “Hayastan” blokunun liderləri iddia edirlər ki, 2011-ci ildə qondarma soyqırımın 100 illiyi ilə bağlı yaradılan “dövlət komissiyası Ermənistan adından bəyannamə qəbul edib. Həmin bəyannamdə isə qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması, nəticələrinin aradan qaldırılması və hüquqi iddiaların hazırlanması nəzərdə tutulub”. E.Mirzəbəyli xatırladıb ki, 2011-ci ildə qəbul edilən bəyannamədə, Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı heç bir müddəa yoxdur: “Yalnız ümumi, nəzəri mülahizələr var və Nikol Paşinyan, əslində doğru danışır. Revanşçıların iddialarının bəsitliyi, həmçinin ciddi rezonans doğurmaması Ermənistandakı ictimai rəyin süstlüyündən və mövcud reallıqları qəbul etməyə meyilli olduğundan xəbər verir. Məhz bu baxımdan, Ermənistanın yeni prezidentinin seçiləcəyi zamanadək olan dövrdə revanşçıların müəyyən qədər fəallaşa biləcəyini nəzərə alıb, informasiya pressinqini gücləndirmək, qənaətimə görə daha doğru olar. “Kökə”ni və “zopa”nı unutmamaq şərtilə...”.