Gürcüstan da Rusiyanın "maraqlar zonası"na daxildir

Keçmiş prezident Saakaşvilinin analizi reallığı əks etdirir

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili son zamanlar Ukrayna ətrafında yaşanan böhrana münasibət bildirib. Sabiq prezident Rusiyanın Ukrayna ilə yanaşı Gürcüstana da hücum edəcəyi ehtimalından danışıb. Onun sözlərinə görə, Rusiyanın artıq belə bir planı var: “Məlumata görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı plan həyata keçirərsə, həmin günlərdə Anakliyanı (Gürcüstanın dənizkənarı ərazisini -red) tutmaq və Sameqrelo-Zemo Svaneti bölgəsində daha dərin hərbi reydlər planlaşdırır. Həmçinin, bu fəaliyyəti Poti limanında da etmək niyyətindədir. Bu yolla Rusiya Qərb üçün bizim limanlarımızdan istifadəni və gələcəkdə Anakliya/Lazika limanının inşasını məhdudlaşdırmağı planlayır”. Keçmiş prezidentin fikrincə, Gürcüstan hakimiyyəti nə qədər sakit dayansa da, Rusiya öz planlarını tətbiq etməyə çalışacaq. Saakaşvili əlavə edib ki, Rusiya 2009-cu ildə də bu planı həyata keçirmək istəyib. Lakin həmin dövrdə ABŞ dövlət katibi vəzifəsini icra edən Co-Baydenin müdaxiləsi nəticəsində bu plan baş tutmayıb.

Saakaşvilinin iddiasını “Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli deyib ki, sabiq prezidentin fikirlərində Rusiyanın maraqları düzgün ifadə olunub. Analitikin fikrincə, Kreml üçün Qara dəniz limanlarına nəzarət etmək, yaxud, üçüncü qüvvənin təsirinə düşməməsinə nail olmaq strateji əhəmiyyət daşıyır: 

“Təsadüfi deyil ki, Anakliya limanının yenidən qurulması planları yarımçıq qaldı. Kremlə daha loyal yanaşan İvanişvili iqtidarı işləri dayandırmağa müvəffəq oldu. Moskva təbii ki, orta və uzaq perspektivdə bu limanların üçüncü qüvvə tərəfindən hərbi məqsədlər üçün istifadə olunmasına mane olmağa çalışır. Yaxud Rusiyanın maraqlarının hansısa formada nəzərə alınması ilə bağlı Gürcüstanla hüquqi qüvvəyə malik anlaşma əldə etmək istəyir. Əslində Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi şərtlərdə bu məsələlər də var. Ruslar onların “maraqlar zonası” hesab etdiyi məntəqələrdə NATO hərbi infrastrukturunun yerləşdirilməməsini əsas şərt kimi irəli sürür. Gürcüstan isə xüsusi qeyd edilir. Bu baxımdan Gürcüstanın keçmiş prezidentinin analizi reallığı əks etdirir. Lakin Rusiyanın Gürcüstana hazırkı vəziyyətdə hücum edəcəyi ehtimalı çox azdır. Gürcüstan iqtidarı Rusiyaya qarşı loyallıq nümayiş etdirir. Eyni zamanda Abxaziya və Cənubi Osetiya hələ də rusların nəzarətindədir. Bu, Kremlə Gürcüstanın Qara dənizə çıxışına nəzarət imkanları verir. Hazırda Rusiyanın Gürcüstana hücumuna əsas verəcək, bunu zəruri edəcək obyektiv amillər yoxdur”.